28 May-Respublika Günü münasibətilə ümumşəhər tədbiri keçirilib
Naftalan şəhər İcra Hakimiyyətində şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “28 may-Respublika günü”nə həsr edilmiş ümumşəhər tədbiri keçirilib.
İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər..
Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq bildirib ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk Respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçib. Tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub.
Şəhər rəhbəri qeyd edib ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişaf əsası 97 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin qüdrətinin artırılmasına xidmət edir.
Həmçinin tədbirdə şəhər 2 nömrəli tam orta məktəbin tarix muəllimi Sədrəddin Muradov çıxış edərək bu tarix barədə ətraflı məlumat verib.