Ulu Öndər Heydər Əliyevə həsr olunmuş növbəti açıq dərs keçirilib.
12 may 2015-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ümummilli lider Heydər Əliyevin fəaliyyəti” mövzusunda növbəti açıq dərs tədris olunmuşdur.
Şagirdlər öncə Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli liderin həyatının, çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən material və fotoşəkillərlə tanış olmuşlar.
Daha sonra şəhər tam orta məktəblərinin tarix müəllimləri tərəfindən dərsə başlanılmış və şagirdlərə Ulu Öndərin həyatı, fəailiyyəti barədə geniş məlumatlar verilib. Onların diqqətinə çatdırılıb ki, Azərbaycançılıq məfkurəsinin yaradıcısı kimi ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Müstəqilliyi xalqımızın ən qiymətli neməti hesab edən dahi şəxsiyyət olduqca mürəkkəb bir dövrdə onu qoruya bilib.
Bildirilib ki, ulu öndərin Azərbaycanın gələcək inkişafı naminə müəyyənləşdirdiyi siyasət bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının fəaliyyəti Azərbaycanın daha sürətlə inkişaf etməsinə, tərəqqisinə, demokratiyanın və vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsinə yönəlib. Onun həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə yüksəlir, bütün sahələrdə qazanılan uğurlar artır. Bu uğurlar respublikanın bütün bölgələrini müasirliyə qovuşdurub.