“27 sentyabr-Tarixi Zəfərə gedən şanlı yol” mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Səməd Vurğun adına 2 nömrəli şəhər tam orta məktəbində “27 sentyabr-Tarixi Zəfərə gedən şanlı yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə işçiləri, məktəblilər iştirak edib.
Tədbir iştirakçıları Qaşaltı Qaraqoyunlu kəndində evlərinə mərmi düşmüş Vətən Müharibəsinin ilk mülki şəhidləri Qurbanovların mənzilində şəhidlərin xatirə otağını ziyarət edib, gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “27 sentyabr- Anım Günü”nə həsr edilmiş video material nümayiş olunub.
Çıxış edənlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin uğurlu siyasəti, ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində qazandığımız şanlı qələbədən, Qarabağ zəfərindən sonra Azərbaycanın artan qüdrətindən, dövlətimiz tərəfindən Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsinə çevrilməklə yanaşı, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir.
Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii proqram ilə davam etdirilib.