“27 Sentyabr-qürur və ehtiram günü”
Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “27 Sentyabr-qürur və ehtiram günü” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və üzvləri, Şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Gününə həsr edilmiş video material nümayiş olunub.
Çıxış edənlər vurğulayıblar ki, haqq və ədalət uğrunda aparılan Vətən müharibəsi xalqımızın şanlı tarixində silinməz iz qoymuşdur. Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edərək, tarixi ədalət bərpa edilmiş, işğal siyasətinə birdəfəlik son qoyulmuşdur. Bildirilib ki, Şəhid və qazilərimizin qanı və canı bahasına yazılmış şanlı tarix Azərbaycanın adını dünya tarixinə qalib dövlət kimi əbədi həkk edib. Üçrəngli müqəddəs bayrağımızı azad edilmiş torpaqlarımızda əzəmətlə və qürurla dalğalanması hər birimizin fəxridir.
Şəhid ailələri xüsusi olaraq vurğulayıblar ki, igid oğullarımızın bu tarixi qələbənin əldə olunmasında göstərdikləri fədakarlıq və qəhrəmanlıq onlar üçün ən böyük qürurdur. Onlar ölkə rəhbərliyinə şəhidlərin xatirəsinə və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə edərək, bu siyasətin dövlətimizin mənəvi dəyərlərə verdiyi önəmin parlaq nümunəsi olduğunu qeyd ediblər.















