Naftalanda çoxmənzilli yaşayış binalarının həyətində və küçələrdə abadlıq işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2011-ci il tarixində Naftalan şəhərinə səfəri çərçivəsində ictimaiyyətlə görüşü zamanı Naftalanın inkşafının vacibliyini xüsusi qeyd edərək qarşıya belə bir vəzifə qoymuşdur: turizm sahəsi ilə yanaşı şəhərdə bütün binalar təmir olunmalı, parklar, yeni xiyabanlar salınmalı və Naftalan nəinki Azərbaycanda, dünyada tanınan kurort şəhərinə çevrilməlidir.
Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Müasir səviyyəli istirahət və sağlamlıq mərkəzləri inşa olunaraq istifadəyə verilib.
Həmçinin şəhərdə başlanılan yenidənqurma işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı əsaslı təmir olunub, şəhərdaxili və binadaxili bütün kommunikasiya sistemləri yenilənmişdir.
Çoxmənzilli yaşayış binalarının fasadı milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənmiş,gözəl dizaynla işıqlandırılmış, mənzillərə yeni plastik pəncərələr quraşdırılmış, binaların dam örtükləri müasir üslubda yenidən qurulmuş, dəhlizləri təmir olunmuşdur. Yüksək mərtəbəli yaşayış binalarına müasir tipli liftlər quraşdırılmışdır. Bundan başqa yeni İstilik Qazanxanaları tikilmiş, kanalizasiya və yağış sularının axıdılması üçün yeni xətlər, eləcə də şəhərə Murovdağdan içməli su xətti çəkilmişdir.
Hazırda küçələrdə yeni asfalt örtüyünün salınması və çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılır.Şəhərdaxili yolların asfaltlanması sahəsində də xeyli işlər görülüb. Yeni asfalt örtüyünün salınması məqsədilə şəhərdaxili yollara yeni bardürlər düzülüb.
Şəhər ərazisindəki köhnə elektrik dirəkləri və istismara yararsız tikililər sökülüb götürülür. Həmin ərazilər təmizlənir, düzlənir, yerində sakinlərin və şəhərimizə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları salınır.
Yeni salınan parklarda besetkalar, basketbol, tenis və uşaq oyun meydançaları yaradılır. Daha sonra yeni yaşıllıqlar salınacaq, gül və bəzək kolları əkiləcək.