2015-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirildi.
15 aprel 2015-ci ildə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2015-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirildi.
Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edirdi. İclası giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etmişdir ki, Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də ötən dövr uğurla başa çatmış və yüksək nəticələr əldə edilmişdir.
Dövlət başçısının göstəriş və tapşırıqlarını fəaliyyət proqramı kimi qəbul edən Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən bu dövrdə şəhərdə bir çox tədbirlər görülmüş və abadlıq işləri aparılmışdır. 2015-ci ilin birinci rübünün yekun statistik göstəricilərinə nəzər salsaq görərik ki, qarşıya qoyulmuş vəzifələr uğurla icra olunmuşdur.
Şəhər üzrə ümumi məhsul buraxılışı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz artaraq 3285 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 532.4 min manat təşkil etmişdir. Əhaliyə 93.5 min manatlıq nəqliyyat xidməti göstərilmişdir. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 5.7 faiz artaraq 1901.4 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 3533 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 2014-cü ilin birinci rübü ilə müqayisədə 5 faiz artaraq 292 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 49.1 min manat təşkil etmişdir.
Şəhərin yerli büdcəsi subsidya ilə birlikdə 868.4 min manat, xərcləri isə 628.3 min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 663.4 min manat planlaşdırıldığı halda 737.3 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 11.1 faiz artıq olmuşdur.
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüş, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 32 ailəyə ünvanlı dövlət sosial yardım təyin edilmiş, bir ailəyə düşən yardımın məbləği 137 manat təşkil etmişdir. Cəzaçəkmə müəssisəsindən azad olunmuş 1 nəfərə birdəfəlik müavinat, 11 Çernobıl əlilinə isə müalicə üçün birdəfəlik müavinat verilmişdir.
Daha sonra Natiq Aslanov bildirmişdir ki, hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 23 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmışdır. Ümumilikdə şəhər üzrə pensiyaçıların sayı 1430 nəfər olub. Rüb ərzində təqaüdlərin ödənilməsinə 808.6 min manat vəsait xərclənmişdir.
Əmək ehtiyatlarından düzgün və səmərəli istifadə etmək məqsədilə Məşğulluq Mərkəzində boş iş yerləri haqqında məlumatlar toplanmış və işsiz sakinlərin qeydiyyatı aparılmışdır. Bu ilin üç ayı ərzində Məşğulluq Mərkəzinə 25 nəfər qeyri-məşğul şəxs müraciət etmiş, onlardan 21 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilmiş, 1 nəfərə işsizlik statusu təyin olunmuşdur.
Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzində olmuşdur.
Ölkə başçısının tapşırığına əsasən fevral-may aylarında əhalinin kütləvi tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuş və vətəndaşların rahatlığı üçün xəstəxanada bütün lazımi şərait yaradılmışdır. Müayinənin birinci rübü əhatə etdiyi dövr ərzində aşkar olunan xəstələrdən 350 nəfər ambulator, 18 nəfər stasionar və 3 nəfər isə Bakı şəhərinə göndərilərək müalicəyə cəlb olunmuşdur.
Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün tədbirlər görməli, eləcə də yeni şəhər Xəstəxanasının tikintisi işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyəti üzrə yuxarı təşkilatlar qarşısında məsələ qaldırmalıdır.
Şəhərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin uyğunlaşdırılmış binalarda yerləşdirilməsi mədəniyyət sahəsinin inkişafına mane olur. Ona görə də şəhərdə yeni mədəniyyət obyektlərinin tikintisinə böyük ehtiyac vardır. Qeyd olunanları nəzərə alaraq şəhər icra hakimiyyəti tərəfindən müavafiq tədbirlər görülür. və inanırıq ki, yaxın vaxtlarda bu problem öz həllini tapacaqdır.
Qeyd edilmişdir ki, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi də şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmişdir. Həmçinin məlumdur ki, I Avropa Oyunlarının məşəli Naftalandan da keçəcək. Məşəlin şəhərimizin ərazisindən keçirilməsi ücün tələb olunan məşəldarlar seçilib. Gənclər İdman idarəsinin rəhbərliyi və digər məsul şəxslər əvvəlcədən bütün lazımı hazırlıq işləri görməlidirlər ki, həmin gün heç bir çatışmazlıq qeydə alınmasın.
Şəhərdə 2014-cü ilin birinci rübünün yekunu üzrə kriminogen vəziyyətin təhlili onu göstəriri ki, şəhər Polis şöbəsində 5 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılması 50 faiz təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam və göstərişləri ilə şəhərdə geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı tədbirlər davam etdirlimişdir.
Çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə aparılan əsaslı təmir işləri tam başa çatdırılmışdır.
Hazırda binaların ətrafında və küçələrdə abadlıq işləri aparılır. Şəhərdaxili yolların asfaltlanması sahəsində də xeyli işlər görülüb. Yeni asfalt örtüyünün salınması məqsədilə şəhərdaxili yollara yeni bardürlər düzülür.
Şəhər ərazisindəki köhnə elektrik dirəkləri və istismara yararsız tikililər sökülüb götürülür. Həmin ərazilər təmizlənir, yerində sakinlərin və şəhərimizə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları salınır. Yeni salınan parklarda besetkalar, basketbol, tenis və uşaq oyun meydançaları yaradılacaq, yeni yaşıllıqlar salınacaq, gül və bəzək kolları əkiləcək.
Hesabat dövründə Dövlət Proqramına uyğun olaraq kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilmişdir. Artıq 47 km uzunluğunda kanalizasiya şəbəkəsinin tikintisi işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə əhali və qeyri-əhali abonentlərinə smart elektron su sayğaclarının quraşdırılmasına başlanılacaqdır.
Qış mövsümündə əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq istilik enerjisi ilə təmin edilmişdir.
Hesabat dövründə yeni avtovağzal otel komleksinin, Polis şöbəsi və Naftalan Bələdiyyəsinin yeni inzibati binalarında tikinti işləri davam etdirilmişdir. Hazırda şəhərdə 100 yerlik körpələr evi-uşaq bağçasının inşası üçün layihə-smeta sənədləri hazırlanır.
Hesabat dövrünə təsadüf edən hadisələrdən biri də Naftalanla qardaşlaşmış Polşanın Uneyov şəhər merinin rəhbərlik etdiyi nemayəndə heyətinin Naftalana səfəri olmuşdur.
Ölkə başçısının tapşırığına uyğun olaraq Naftalanda turizm sahəsində aparılmış islahatlar nəticəsində şəhərə gələn yerli və xarici qonaqların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz artaraq 2300 nəfərə çatmışdır.
Naftalan şəhər İcra Hakimyyəti başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etmişdir ki, ölkə rəhbərinin göstəriş və tapşırıqlarına uyğun olaraq şəhərimizin sosial-iqtisadi inkişafı naminə görülən işlərin yerinə yetirilməsində hər birimiz məsuliyyətlə işləməli və qarşıda duran vəzifələri uğurla icra etməliyik.
Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2015-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi S. Tağıyev və şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Z.Adıgözəlov çıxış etdilər.