Daşkənddə “Möcuzəli Naftalan. Azərbaycan” kitabçası özbək və rus dillərində çap edilib
Daşkənddə “Möcuzəli Naftalan. Azərbaycan” kitabçası özbək və rus dillərində çap edilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə çap olunan kitabçada Naftalan haqqında ətraflı məlumat verilir. Nəşrdə öz möcüzəsi və şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xüsusiyyətləri, burada yaradılan və müasir standartlara cavab verən şərait, otel və sanatoriyaların fəaliyyəti geniş işıqlandırlır. Kitabçada bildirilir ki, Naftalan sanatoriyası 1926-cı ildən fəaliyyətə başlayıb. İndiyədək bu şəfa ocağına dünyanın müxtəlif yerlərindən xəstələr gəlib və şəfa tapıb. Burada neftlə 70-ə yaxın xəstəlik müalicə edilir. Nəşrin hazırlanmasından əsas məqsəd Azərbaycanın turizm potensialının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən özbək turistlərinə informasiya dəstəyi göstərməkdir. Kitabçada Naftalan şəhərində fəaliyyət göstərən otellər, buradakı xidmətlər və qiymətlər haqqında da məlumat verilir. Qeyd edək ki, Özbəkistanda Naftalan müalicəvi sanatoriyalarına böyük maraq var. Bunu nəzərə alaraq AMM bu ilin yayında özbəklər üçün Naftalana on günlük müalicə turu da təşkil edəcək. Layihəyə Azərbaycandan “My Travel” turizm firması da təşkilati dəstək göstərəcək. Bu məqsədlə nəşrin sonunda sifarişçilər üçün bu şəhərdə müalicə turunu təşkil edən əlaqələndirici təşkilatların məlumatları da yer alıb.
Daşkənd, AZƏRTAC