Polşanın Uneyov Şəhər İcra Hakimiyyətinin başçısı Naftalanda olub.
19 mart 2015-ci il tarixdə Polşanın Uneyov Şəhər İcra Hakimiyyətinin başçısı Yuzef Kaçmarekin rəhbərlik etdiyi 5 nəfərdən ibarət nümayəndə heyətinin Naftalan şəhərinə cavab səfəri başlayıb. İlk olaraq qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə çiçək düzüblər. Qonaqlar abidəni ziyarət etdikdən sonra Heydər Əliyev Mərkəzində olublar.
Naftalan Şəhər İcra Hakimiyyətində davam edən görüşdə Naftalan və Uneyov şəhərləri arasındakı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi barədə müzakirə aparılıb.
Daha sonra qonaqlar şəhər körpələr evi-uşaq bağçası, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi, Bayraq meydanı, eləcə də şəhərdə fəaliyyət göstərən istirahət-sağlamlıq mərkəzləri və burada naftalan vannaları və naftalanla həyata keçirilən digər müalicə prosedurları ilə tanış olublar.
Səfər çərçivəsində qonaqları Azərbaycanın digər turizm bölgələri ilə də tanış etmək nəzərdə tutulub.
Səfər 21 mart 2015-ci il tarixdə başa çatacaq.