25 aprel “Sahibkarlar Günü”dür
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 aprel “Sahibkarlar Günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri, Gəncə Regional Turizm İdarəsinin rəis müavini, KOB dostu, hotel və müalicə mərkəzlərinin rəhbərləri, sahibkarlar, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Çıxışlarda Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığından, dövlət-sahibkar tərəfdaşlığına nail olunduğundan bəhs olunub. Ölkəmizdə sahibkarlığın inkişaf mərhələlərindən, özəl sektorun formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açılıb. Bildirilib ki, bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Qlobal çağırışlar fonunda biznes və investisiya mühitinin daim yaxşılaşdırıldığı, qanunvericiliyin təkmilləşdirildiyi, sahibkarlarla dövlət arasında qarşılıqlı faydalı münasibətlərin gücləndirildiyi vurğulanıb.
Qeyd edilib ki, ölkə rəhbərinin şəhərimizin dünya miqyaslı kurort mərkəzlərindən birinə çevrilməsi məqsədilə imzaladığı Fərman və Sərəncamlar Naftalanın beynəlxalq turizm mərkəzi kimi formalaşmasında mühüm rol oynayıb.
Naftalan şəhərinin turizm potensialı ilə bağlı hazırlanmış video materiallar və slaydlar nümayiş etdirilib.