Ulu Öndər Heydər Əliyevə həsr olunmuş açıq dərslər davam etdirilir.
12 mart 2015-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda növbəti açıq dərs tədris olunmuşdur.
Şagirdlər öncə Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən material və fotoşəkillərlə tanış olmuşlar.
Daha sonra şəhər tam orta məktəblərinin tarix müəllimləri tərəfindən dərsə başlanılmış və şagirdlərə müstəqil dövlətçiliyimiz tarixində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışılmışdır.
Qeyd olunmuşdur ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş etmişdir. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi istiqamətindəki fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.