Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 2014-cü ilin yekunları müzakirə olundu.

27 fevral 2015 | 16:00

27 fevral 2014-cü il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2014-cü ildə görülmüş işlər və 2015-ci ildə qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Millət vəkili Mahir Aslanov və şəhər ictimaiyyətinin nüamayəndələri iştirak edirdi.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoymuşlar.
     Heydər Əliyev Mərkəzində davam edən tədbirdə məruzə ilə çıxış edən Naftalan şəhər  İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov  ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, 2014-cü il ərzində şəhərdə görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
    Qeyd edilmişdir ki,  Respublikamızda aparılan uğurlu  sosial-iqtisadi siaysət nəticəsində digər bölgələr kimi, Naftalan şəhərinin də hərtərəfli  inkişafı üçün böyük işlər görülmüş və  bu gün də davam etdirilir. 2014-cü ilin yekun statistik göstəricilərinə nəzər salsaq görərik ki, hesabat dövründə qarşıya qoyulmuş vəzifələr uğurla icra olunmuşdur.
       Ümumi məhsul buraxılışı  12814.3 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı ötən illə müqayisədə 13 faiz artaraq 1709.6 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 5405.9 min manat təşkil etmişdir. Əhaliyə 263.4 min manatlıq nəqliyyat xidməti göstərilmişdir. Əhalinin həyat  səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi 18 faiz artaraq 13502.1  min manat olmuşdur.  Pərakəndə əmtəə dövriyyəsinin həcmi 15464.2 min manat,  bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 2013-cü illə müqayisədə 10 faiz artaraq 282 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti isə 9 faiz artaraq 198.8 min təşkil etmişdir.
      Şəhərin yerli büdcəsi subsidya ilə birlikdə 4114.7  min manat, xərcləri isə 3634.2  min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 2488 min manat planlaşdırıldığı halda 3327.7  min manat, yəni nəzərdə tutulduğundan 33 faiz artıq olmuşdur.  Bütövlükdə yerli büdcənin illik icrasına 93.9 faiz əməl olunmuşdur.
         Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən  121 ailəyə  ünvanlı  dövlət sosial  yardım  təyin edilmiş, bir ailəyə  düşən  yardımın  məbləği  118  manat təşkil etmişdir. 11 Çernobl  əlilinə  müalicə üçün, 20 imkansız əlilə isə 3 dekabr əlillər günü münasibətilə birdəfəlik  maddi  yardım verilmişdir. Müxtəlif kateqoriyalı  4 əlil Nazirlik tərəfindən pulsuz avtomobillə təmin olunmuşdur. 
      Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 2014-cü il ərzində  90 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmışdır. Ümumilikdə pensiyaçıların sayı 1419 nəfərdir. Şöbənin ümumi xərcləri 3042.2 min  manat olmuşdur. Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilmişdir.
        Daha sonra hesabat iştirakçılarına məlumat verilmişdir ki, Tam orta məktəblərin maddi-texniki bazası gücləndirilmişdir. 2013-2014-cü tədris ilində məzunların 40 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan   17 nəfəri tələbə adını qazanmışdır. İki nəfər 600-dən, bir nəfər 500-dən, iki nəfər isə 400-dən yuxarı bal toplamışdır. Cənab  Prezidentin müvafiq sərancamı ilə təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüş müəllimlərdən biri də Naftalan şəhər məktəbində çalışır. Əlbəttə bütün bunlar sevindirici haldır, lakin məktəblərdə şagirdlərin bilikləri aşağı səviyyədədir. Məhz bunun nəticəsidir ki, ali məktəblərə  qəbul, imtahanlarda iştirak edənlərin 42 faizini təşkil etmişdir. Bu səbəbdən də ümumtəhsil məktəblərinin rəhbərlərinin məsuliyyətini artırmaqla tədrisin keyfiyyətini yüksəltməli və daha uğurlu nailiyyətlər əldə olunmalıdır. 
       Ötən il əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra zəruri tədbirlər görülmüşdür. Yoluxucu xəstəliklərə qarşı mübarizə aparılmış və qorxulu yoluxucu xəstəlik qeydə alınmamışdır. 1400 nəfər imtiyazlı xəstəyə güzəştli dərman preparatları verilmiş. Ölkə başçısının tapşırığına əsasən fevral-may aylarında əhalinin kütləvi tibbi müayinəsi həyata keçirilmişdir. Müayinələrin yüksək səviyyədə təşkili və vətəndaşların rahatlığı  üçün xəstəxanada  bütün  lazımi şərait yaradılmışdır. Talassemiyalı xəstlərə kömək məqsədilə qanvermə aksiyası keçirilmiş, könüllü olaraq 150 nəfərdən qan analizi götürülmüşdür.
    Bunula yanaşı bu sahədə müəyyən çatışmazlıqlar var və bu da  vətəndaşların haqlı olaraq  narazılıqlarına  səbəb olur. Belə ki, şəhər xəstəxanasının xidmət sahəsi olan təcili tibbi yardım məntəqəsində əmək intizamı tələb olunan səviyyədə deyil. Ona görə də, bu cür xoşagəlməz hallara birdəfəlik son qoyulmalı, rəhbərlik və  tibb kollektivi göstərdikləri xidmətin səviyyəsini artırmalı, işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Bildiyiniz kimi  şəhər  Xəstəxanası uyğunlaşdırılmış  binada fəaliyyət göstərir. Lakin, ölkə başçısının Sərəncamına əsasən  əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə hazırda şəhərdə yeni xəstəxananın tikintisi işləri davam etdirilir.
     Hesabat  dövründə  şəhərin  mədəni həyatı  da zənginləşmişdir. Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində illik iş planı əsasında  ardıcıl iş aparılmışdır.  Ötən dövr ərzində  Ümummilli lider  Heydər Əliyevin həyat və fəaliyyətini oyrənmək  məqsədi ilə  3900  nəfər  mərkəzə ekskursiya  etmişdir ki, onlardan 120 nəfəri xarici vətəndaş olmuşdur.  Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə mühim tarixi hadislərə, bayramlara  həsr olunmuş tədbirlər keçirilmişdir. Bir məsələni də qeyd etməliyik ki, şəhərdə mədəniyyət obyektlərinin vəziyyəti ürəkaçan deyil və hazırda mədəniyyət sahəsi üzrə göstərilən xidmətlər  şəraiti olmayan uyğunlaşdırılmış binalarda həyata keçirilir. Bu da öz növbəsində onların fəaliyyətinin günün tələbləri səviyyəsində təşkilinə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq  tərəfimizdən yeni mədəniyyət obyektlərinin tikintisi üçün aidiyyatı orqanlara müraciət edilmişdir.
     Yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi də şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Gənclər və İdman  idarəsi tərəfindən idmanın inkişaf etdirilməsi və  gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görülmüşdür. Ayrı-ayrı idman növləri  üzrə müxtəlif  yaş qrupları arasında idman tədbirləri keçirilmiş, şəhər birinciliyinin  qalibləri  Respublika  miqyaslı yarışlarda çıxış etmişlər. Lakin, əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, bu sahəyə  diqqət daha da artırılmalıdır ki, şəhərimizin idmançıları respublika və beynəlxalq yarışlarda  şəhərimizi layiqincə təmsil edərək  yüksək nailiyyətlər əldə etsinlər. Buna görə də Gənclər  İdman  idarəsinin rəhbərliyi şəhərdə idmanın kütləvililiyinin artırılmasında əsaslı dönüş yaratmalı və  gənclərlə işi daha  yüksək səviyyədə aparmalıdır.
      Ölkəmizin hər yerində olduğu kimi Naftalan  şəhərində də genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilmişdir.
       Şəhərin su  təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi, eləcə də yağış sularının axıdılması üçün  yeni xətlərin çəkilişi işləri  2014-cü ildə də   davam etdirilmişdir. Dövlət Proqramlarına uyğun olaraq şəhərdə kommunal sahədə demək olar ki, bütün işlər başa çatdırılmışdır.
      Yalnız, elektrik təsərrüfatı  sahəsində bəzi işlər yarımçıq qalmışdır ki, bu işlərin də  davam etdirilməsi  Dövlət Proqramında  nəzərdə tutulub. Kurort şəhəri kimi Naftalanın abadlaşması, inkişaf etməsi bir həyat tərzinə çevrilmişdir.
      Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərlə paralel şəhərin sosial-iqtisadi inkişafı üçün vacib  olan bir sıra işlərdə  həyata keçirilmiş və bu gün də davam etdirilir. Cənab Prezidentin şəhərimizn  sosial-iqtisadi inkişafı  məqsədilə  imzaladığı  müvafiq Sərəncamlara əsasən çoxmənzilli yaşayış binalarının fasadı milli memarlıq üslübunda ağlay daşla üzlənib, dəhlizləri  təmir olunub, dam örtükləri  xüsusi dizaynla yenidən qurulub və işıqlandırılıb. Artıq ötən ilin son aylarından binaların ətrafında və küçələrdə abadlıq işlərinə start verilmişdir. Şəhərdaxili yollara yeni bardürlər düzülmüş və yeni asfalt örtüyünün salınması işlərinə başlanılmışdır. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə iməcliklər təşkil edilmiş, parklarda abadlıq işləri aparılmışdır. “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilmiş və şəhərin müxtəlif ərazilərində 5000 müxtəlif növ həmişəyaşıl ağac əkilmiş və ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunmuşdur. Ümumilikdə il ərzində 25000-ə yaxın ağac və dekortiv  gül kolları əkilmişdir.
     6 km uzunluğunda  Naftalan-Qaşaltı  Qaraqoyunlu  avtomobil yolu əsaslı təmir olunmuşdur. Yola yeni bardürlər düzülmüş, suötürücülər tikilmiş, piyadaların rahat gediş-gəlişi üçün yeni səkilər  salınmış, kəndin giriş-çıxışında yeni dayanacaq  tikilərək əhalinin istifadəsinə verilmişdir.
     Payız-qış mövsümünə hazırlıqla əlaqədar konkret vəzifələr müəyyənləşdirilərək icra edilmişdir. İstilik təsərrüfatında cari təmir işləri aparılmışdır ki, bunun da nəticəsində qış mövsümündə əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq  istilik enerjisi ilə  təmin edilmişdir.
     Əhalinin  təhlükəsizliyi  tədbirləri  istiqamətində də müvafiq işlər görülmüş, hər il yağan güclü leysan yağışlar zamanı yaranan sel sularının dağdıcı təsirinin qarşısının alınması məqsədilə Qaşaltı Qaraqoyunlu kəndində mövcud suni göl təmizlənmiş və  hazırda göldə ümumi uzunluğu 163.3 p/m olan dəmir-beton qoruyucu  bəndin  tikintisi işləri davam etdirilir.
      Ötən il yeni avtovağzal  otel komleksinin, Polis şöbəsinin və Naftalan  Bələdiyyəsinin  yeni inzibati binalarında  tikinti işləri davam etdirilmişdir.   
    2014-cü ildə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar, sovet dönəmindən əhalini narahat edən bir sıra sosial problemlərin uğurlu həlli istiqamətində aparılan  işlər bir daha onu göstərir ki, Naftalanda inkişaf dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir. 
      Hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması sahəsində ardıcıl iş aparmış və bu dövrdə şəhər Polis şöbəsində 28 cinayət hadisəsi  qeydə  alınmışdır. Cinayətlərin  açılması 100  faiz təmin edilmişdir.       
       Həmçinin qeyd olundu ki, Ölkə rəhbərinin vətəndaş-məmur münasibətləri ilə əlaqədar verdiyi tapşırığa əsasən şəhərdə çalışan dövlət qulluqçularının bu sahədə məsuliyyətlərinin artırılması məqsədilə  onların  qarşısına konkret  vəzifələr qoyulmuşdur.  Ən mühüm vəzifə isə haqlı şikayətlərin operativ qaydada həlli və vətəndaşların problemlərinə həssaslıqla yanaşılması olmuşdur.
     2014-cü ildə ŞİHB aparatına 164 müraciət daxil olmuşdur. 69-u dövlət  orqanlarından və digər qurumlardan, 95-i isə  vətəndaşlardan bilavasitə şəhər İcra Hakimiyyətinə  ünvanlanan  müraciətlərdir.   Şəhərin bütün idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə  İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə  keçirilmiş  21 görüş-qəbulda 72 nəfər, İcra Hakimiyyəti aparatında  isə 138  nəfər  vətəndaş  qəbul edilib dinlənilmişdir. Hər bir müraciətə qanunla müəyyən olunmuş müddətdə baxılmış, vətəndaşlar  tərəfindən səsləndirilən hər bir məslənin yaranma səbəbləri araşdırılmış və cavab  verilmişdir.
        Natiq Aslanov çıxışının sonunda demişdir ki yola saldığımız   2014-cü il  Naftalan  şəhəri  üçün  sosial-iqtisadi  sahədə qazanılan bir çox uğurlarla yadda qalan olmuşdur.  Xüsusilə  2014-cü ilin oktyabr ayının 17-də Prezident  cənab  İlham Əliyevin və xanımı  Mehriban Əliyevanın şəhərimizə səfəri  sakinlərimizin hədsiz sevincinə səbəb olmuşdur. Ümumiyyətlə edilən səfərlər ölkə başçısının Naftalan kurort şəhərinə  olan diqqət və qayğısının təzahürüdür. Prezidentimizin bu səfəri də hər zaman olduğu kimi yeni obyektlərin açılışı, eləcə də əhali ilə görüşü şəhər sakinlərinin yaddaşında silinməz  izlər buraxmışdır. Həmin gün  beynəlxalq səviyyəli  264 yerlik “Qarabağ SPA and Resort” otel kompleksinin açılışı olmuşdur. Hazırda bu oteldə 100 nəfərə yaxın vətəndaş  daimi işlə təmin olunmuşdur. Səfər çərçivəsində Dövlət  başçısı və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə də tanış olmuşlar.
    Həmçinin Ölkə başçısının tapşırığına uyğun Naftalanda son illər turizm sahəsində aparılmış islahatlar  şəhərimizə Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuş, digər ölkələrin kurort şəhərləri 2011-ci ildən başlayaraq Naftalan şəhəri ilə beynəlxalq  əlaqələr qurmağa başlamışdır. Belə ki, Naftalan şəhəri 2011-ci ildə Fransanın Leql, 2013-cü ildə İtaliyanın Pozitano, 2014-cü ildə isə  Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərləri ilə  əməkdaşlıq etməyə başlamışdır.
      Hesabat yığıncağında qarşıda duran vəzifələr də təhlil olunmuş və bildirilmişdir ki, artıq  bir gündə 2000 nəfərə yaxın  turist qəbul etmək gücünə malik olan şəhərimizə  gələn turistlərin sayı son illərlə müqayisədə 5-6 dəfə artaraq 15 mini keçmişdir.
     Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda cənab Prezidentin qeyd etdiyi kimi, Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün isə beynəlxalq turizm mərkəzinə çevirilir.
     Göründüyü kimi, şəhərimiz özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Burada  aparılan hər bir tikinti, quruculuq işi Naftalan kurortunun şöhrətini özünə qaytarır, müasir kurort şəhərinə çevririr və biz  gələcəkdə daha böyük inkişafın şahidi olacağıq. Mən fürsətdən istifadə edərək bir daha naftalanlılar adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirir və əmin edirəm ki,  bundan sonra da Naftalanın davamlı sosial-iqtisadi inkişafı üçün var gücümüzü səfərbər edəcəyik.
      Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmışlar.
      Sonda  iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət oxunmuşdur.

Keçidlər