Naftalanda dövlət başçısı tərəfindən verilən tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir
Fevralın 24-də Naftalanda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda verilmiş tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak etmişdir.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov 2004-cü ildən etibarən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının rayonların iqtisadi potensialının artmasında, infrastruktur təminatının, biznes və investisiya mühitinin, kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsində, əhalinin rifahının daha da yaxşılaşmasında xüsusi əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ili çərçivəsində genişmiqyaslı işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir. Bildirilmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev proqramın tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir. Konfransda dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin yaradılması, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin yaradılması, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və s. tapşırıqlar verilmişdir. Sahib Məmmədov dövlət başçısının müəyyənləşdirdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlandığını və icrasına başlandığını vurğulamış və bu tədbirlər barədə iştirakçılara məlumat vermişdir.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Naftalanda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir. İcra başçısı çıxışında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Naftalan şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat vermiş, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2015-ci ilin “kənd təsərrüfatı ili” elan olunması aqrar sahənin inkişafına mühüm töhfə verəcəkdir. İlham Quliyev “kənd təsərrüfatı ili” çərçivəsində görüləcək işlər barədə məlumat vermişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri vəzifəsinin icraçısı Elçin İbrahimov ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlara göstərilən elektron xidmətlər barədə ətraflı məlumat vermişdir.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin şöbə müdiri Azər Rzaxanov regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat vermişlər.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov Fondun fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır