Naftalan şəhər İcra Hakimiyyəti aparatında geniş Şura İclası keçirilmişdir.
17 oktyabr 2012-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2012-ci ilin doqquz ayında görülmüş işlərə dair şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun hesabatı dinlənilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov məlumat vermişdir ki, 2012-ci ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatının inkişafında əldə olunan uğurlardan danışılmışdır. Möhtərəm Prezident qeyd etmişdir ki ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir.
İlin doqquz ayı Naftalan şəhəri üçün də uğurlu olmuş, tikinti, quruculuq, abadlıq işlərinin davam etdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Şəhərdə doqquz ayda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülən səmərəli işlərin nəticəsidir ki, iqtisadi göstəricilərdə artım müşahidə olunmuşdur.
. Belə ki, şəhər üzrə 2012-ci ilin doqquz ayında ümumi daxili məhsul buraxılışı 5804.2 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 faiz çoxdur. Sənaye məhsulunun həcmi 1.5 dəfə artaraq 911.2 min manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4 dəfə artaraq 7247.7 min manata çatmışdır.
Ölkə başçısının iclasda qeyd etdiyi kimi dövlət tərəfindən sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Əhalinin sovet dövründən qalmış əmanətlərinin onlara qaytarılması bir daha buna əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti “əhalinin keçmiş SSRİ banklarında qalan əmanətlərinin qaytarılması haqqında” müvafiq fərmanın icrası ilə əlaqədar “Kapital Bankın” Naftalan filialı tərəfindən 2012-ci ilin ötən dövrü ərzində 1906 abunəçinin ərizəsi qəbul olunmuş, 718.49 min manat vəsait vətəndaşlara ödənilmişdir.
Şəhər üzrə bu ilin doqquz ayında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsi tərəfindən 32 nəfərə ayrı-ayrı kateqoriyalar üzrə pensiya təyin olunmuşdur. Ümumilikdə 01 oktyabr 2012-ci il tarixə ödənilməmiş vəsait qalmamışdır. Bu dövrdə şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi 74 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyin edilib. Həmçinin daxili imkanlar hesabına şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdə olan tənha ahıllara və əlillərə ərzaq yardımı verilmişdir.
2012-ci ilin doqquz ayı üzrə proqnozlaşdırlmış 712219 manat büdcə daxilolmalarına qarşı göstərilən dövrdə yerli büdcəyə 1082245 manat vergi, rüsum və sair daxil olmaqla proqnoz tapşırığı 151 faiz yerinə yetirilmişdir. Ümumilikdə şəhərin büdcəsi subsidiya və transfertlərlə birlikdə 2889827 manat olmuşdur.
Eyni zamanda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Naftalanda əhalini narahat edən sosial məsələlərin həlli istiqamətində bir çox tədbirlər həyata keçirilib. 2012-ci ilin ötən dövrü ərzində də kommunal problemlərin həlli diqqət mərkəzində saxlanılıb.
Ümumilikdə dövlət proqramına uyğun şəhərimizin qaz təchizatının yaxşılaşdırılması işləri artıq başa çatdırılmış, elektirk şəbəkəsinin yenidən qurulması ilə əlaqədar işlərə başlanılmış, bu sahədə bir çox işlər görülmüş, hazırda isə işlər davam etdirilir. Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə də başlanılmışdır. Çoxmərtəbəli yaşayış binalarında istismar müddəti ötmüş köhnə su və kanalizasiya xətləri, şəhərdaxili su xətləri yenisi ilə əvəz edilmişdir. Şəhərdə bütün abonentlərə yeni su sayğaclarının quraşdırılması işləri davam etdirilir. Bunun da nəticəsində yaxın vaxtlarda əhali fasiləsiz olaraq su ilə təmin olunacaqdır. Eləcə də dövlət başçısının tapşırığına əsasən şəhərdə mövcud çirkab suların təmizləyici qurğularının yenidən qurulması məqsədilə işlərə başlanılacaqdır.
Həmçinin çoxmərtəbəli yaşayış binalarında yaşayan sakinlərin və məktəblilərin qış mövsümündə fasiləsiz olaraq istiliklə təmin olunmaları məqsədilə İcra Hakimiyyəti aparatında payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı hazırlanmış və bu sahədə qarşıya çıxan problemlər dərhal aradan qaldırılacaqdır.
Dövlət Proqramında icra müddəti çatmış, lakin icrasına başlanılmamış tədbirlərlə bağlı, yəni Mədəniyyət obyektlərinin yenidən qurulması və tikintisi, Qarabağ” Müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar İcra Hakimiyyəti tərəfindən aidiyyatı üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmiş və bu sahədə də yaxın vaxtlarda işlərə başlanması nəzərdə tutulmuşdur.
Cənab Prezidentin diqqəti nəticəsində şəhərin sosial-iqtisadi inkişafı üçün həlli vacib olan bir çox işlər görülmüş və bu işlər hazırda da davam etdirilr. Yeni müəssisələr, turizm obyektləri açıldı. Bütün bu görülən işlərin nəticəsidir ki, şəhərə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə xeyli artaraq 10 min nəfərə çatmışdır.
Bu gün Naftalan şəhərində çoxmərtəbəli yaşayış binalarının fasadlarının milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənməsi, mənzillərə yeni plastik pəncərələrin quraşdırılması, binaların dam örtüklərinin müasir üslubda yenidən qurulması işləri davam etdirilir. Bundan başqa 2012-ci ilin ötən dövrü ərzində Böyük Vətən Müharibəsi iştirakçılarının, Qarabağ və 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün yeni xatirə kompleksinin açılışı olmuşdur. Həmçinin 280 yerlik körpələr evi-uşaq baxçası, Heydər Əliyev Mərkəzinin tikintisinə də başlanılmış və hazırda işlər davam etdirilir. Dövlət Proqramlarında nəzərdə tutulmuş işlər yalnız sosial obyektlərin inkişafına deyil, həm də şəhərdə mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir. Bu, əhalinin sosial rifah halının daha da yüksəlməsində vacib rol oynayır.
Azərbaycanın işğal altında olan rayonlarından didərgin düşmüş və Naftalan sanatoriya Kurrort Birliyinin mövcud korpuslarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həmin korpuslarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri Goranboy rayonunun ərazisində inşa olunmuş yeni evlərə köçürülmüş və həmin sanatoriyaların yerində müasir tələblərə cavab verən sanatoriya kompleksinin tikintisinə başlanılmışdır.
Hazırda yeni sanatoriyada tikinti işləri davam etdirilir.
Hörmətli toplantl iştirakçıları,
2012-ci il ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən “İdman ili” elan edilmişdir. Təbii ki, bu Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də idmanın inkişafına böyük təkan vermişdir və verəcəkdir. Bu Sərəncamın icrası ilə bağlı bu sahəyə nəzarət gücləndirilib, hazırda da şəhərdə kütləvi idman tədbirlərin keçirilməsi, müxtəlif idman növləri üzrə regional yarışların təşkil edilməsi barədə işlər aparılır.
Bildiyiniz kimi 2011-ci ilin iyun ayında Naftalan şəhəri ilə Fransa Respublikasının Leql şəhəri arasında qardaşlaşma barədə Niyyət Bəyannaməsi imzalanmışdır. Bu bəyannaməyə uyğun olaraq yaxın günlərdə Naftalan şəhəri ilə Leql şəhərinin dostluq münasibətlərini daha da inkişaf etdirmək məqsədi ilə Leql və Naftalan şəhər güləşçiləri arasında yoldaşlıq görüşü təşkil olunacaqdır.
Eyni zamanda, vətəndaşların ərizə, təklif və şikayətlərinə daha diqqətlə yanaşılması, onların haqlı müraciətlərinin vaxtında həll olunması işlərinə də diqqət artırılmışdır. Eləcə də yerlədə vətəndaşlarla səyyar görüşlər zamanı mövcud problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir və aidiyyatı üzrə verilən tapşırıqların icrasına ciddi nəzarət edilir, bir çox problemlər isə yerində həll olunur. Vətəndaşların qaldırdıqları məsələlərə diqqətlə yanaşılmasının nəticəsidir ki, mərkəzi icra hakimiyyəti orqanlarına vətəndaşlar tərəfindən edilən müraciətlərin sayı 50 faiz azalmışdır.
Çıxışıma yekun vuraraq qeyd etmək istərdim ki, əfsuslar olsun ki, şəhərin inkişafında bir çox uğurlar əldə olunsa da 2012-ci il iyun ayının 28-dən 29-na keçən gecə baş verən təbii fəlakət-yağan güclü leysan yağışı və eyni zamanda Goranboy rayonunun dağlıq hissəsindən gələn sel suları Naftalan şəhərinin infrastrukturuna ciddi ziyan vurmuşdur. Hadisənin ilk vaxtlarından təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına köməklik göstərilməsi üçün şəhər fövqəladə hallar komissiyasının üzvləri və digər xidmət təşkilatlarının işçiləri dərhal selin daha çox ziyan vurduğu ərazilərə səfərbər olunmuşdur. Hazırda da təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün işlər görülür, eləcə də bu barədə tərəfimizdən aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Həmçinin daxili imkanlar hesabına sel basmasının qarşısının alınması məqsədilə Naftalan çayı hövzəsində yeni bəndvurma işləri də aparılır.
Bundan sonra da şəhərin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər kurort şəhəri olan Naftalanın dünyada daha da tanınmasını və kurort şəhərləri arasında birincilər sırasında olmasını təmin edəcəkdir.