“Beynəlxalq Ana Dili Günü” münasibəti ilə tədbir keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Azərbaycan dilinin inkişafı - Heydər Əliyevin uğurlu siyasəti” adlı tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH başçısının müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, inzibati ərazi dairəsi üzrə nümayəndələr, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Azərbaycan dilinin tarixi inkişaf yolundan bəhs edərək, ana dilimizin qorunmasının Ulu Öndər Heydər Əliyevin düşünülmüş dil siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Həmçinin, YAP Naftalan Şəhər Təşkilatının sədri Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasını bildirib.
Digər natiqlər ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Sonda mövzu ilə bağlı video çarx nümayiş olunub.















