21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” adlı tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Naftalan ŞİH-nin şəhər və kənd üzrə nümayəndələri, Bələdiyyə sədrləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolundan bəhs edərək, ana dilimizin qorunmasının Ulu Öndər Heydər Əliyevin düşünülmüş dil siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevin dövlət dilinin inkişafı sahəsində həyata keçirdiyi misilsiz xidmətlərindən, xalqımıza və onun dilinə tükənməz məhəbbətindən, dilimizin zənginliyindən ətraflı bəhs ediblər. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması barədə ətraflı söhbət açaraq ana dilimizi qorumaq və inkişaf etdirməyin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu vurğulayıblar.