Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İcra Hakimiyyəti aparatında geniş Şura İclası keçirilmişdir

19 iyul 2012 | 15:00

18 iyul 2012-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2012-ci ilin birinci yarısında görülmüş işlərə dair şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun hesabatı dinlənilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov məlumat vermişdir ki, yeni müstəqillik tarixi elə böyük zaman kəsiyini əhatə etməsə də, Azərbaycan böyük bir inkişaf yolu keçməyi bacarıb. Elə bunun nəticəsidir ki, ölkəmizin son 20 ildə qazandığı uğurlar onun beynəlxalq miqyasda birincilər cərgəsində yer almasına gətirib çıxarıb. Bütün bunlar öz növbəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə onun layiqli davamçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasının möhtəşəm təntənəsi kimi qeyd edilə bilər. Ölkə rəhbərinin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı Fərman, Sərəncamlar Azərbaycanın inkişafına böyük təkan vermişdir.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmiş və 2012-ci ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatının inkişafında əldə olunan uğurlardan danışılmışdır. Möhtərəm Prezident qeyd etmişdir ki, altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir. Makroiqtisadi vəziyyət çox müsbətdir, sabitdir. İnflyasiya cəmi 2.2 faizdir. İstehlak bazarına, qiymətlərə daim diqqət göstərilir. Əhalinin pul gəlirləri isə 14.2 faiz artmışdır. Yəni infilyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq vardır. Bu da real gəlirlərin nə qədər yüksək templərlə artmasına dəlalət edir. Ölkə başçısı bir daha qeyd etmişdir ki, ilin altı ayı onu göstərir ki, 2012-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaqdır.
Hazırda mühüm nailiyyətlərə yol açan tərəqqisni uğurla davam etdirən Azərbaycanda yaşanan inkişaf özünü ölkənin hər bölgəsində qabarıq formada büruzə verir. Bunu kurort şəhəri olan Naftalanın son illərdəki dinamik inkişafında da aydın görmək olur.
Cari ilin ötən dövrü ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülən səmərəli işlərin nəticəsidir ki, şəhərin sosial-iqtisadi həyatında mühüm irəliləyişlər əldə olunmuş və bu irəliləyiş iqtisadi göstəricilərə də öz təsirini göstərmişdir. Belə ki, şəhər üzrə 2012-ci ilin birinci yarısında ümumi daxili məhsul buraxılışı 5317 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur. Sənaye məhsulunun həcmi 2.9 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5.3 dəfə, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 45 faiz artmışdır.
Ölkə başçısı tərəfindən sosial məsələlərin həlli də daim diqqət mərkəzində olmuşdur. Əhalinin sovet dövründən qalmış əmanətlərinin onlara qaytarılması bir daha buna əyani sübutdur.
Şəhər üzrə 18 nəfərə ayrı-ayrı kateqoriyalar üzrə pensiya təyin olunmuşdur. 01 iyul 2012-ci il tarixə ödənilməmiş vəsait qalmamışdır. 2012-ci ilin altı ayı ərzində 48 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyin edilib. Həmçinin şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdə olan tənha ahıllara və əlillərə ərzaq yardımı verilmişdir.
2012-ci ilin altı ayı üçün proqnozlaşdırlmış 488043 manat büdcə daxilolmalarına qarşı göstərilən dövrdə yerli büdcəyə 659145 manat vergi, rüsum və sair daxil olmaqla proqnoz tapşırığı 135 faiz yerinə yetirilmişdir.
Bildiyiniz kimi ölkəmizdə sahibkarlığın inkişafına geniş yer verilir. Sahibkarlara güzəştli kreditlərin verilməsi, onlara münbit şəraitin yaradılması ölkə başçısının daima diqqət mərkəzindədir. Respublikaının bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də sahibkarlıq gündən-günə inkişaf edir. Sahibkarlıq inkişaf etdikcə yeni açılan iş yerlərinin sayı, eləcə də yerli büdcəyə daxil olmalar da artır. Ona görə də son illərdə Naftalanın kurort-müalicə zonası olduğunu nəzərə alaraq şəhərdə sahibkarlara geniş imkanlar yaradılmışdır.
Eyni zamanda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Naftalanda əhalini narahat edən sosial məsələlərin həlli istiqamətində bir çox tədbirlər həyata keçirilib. 2012-ci ilin ötən dövrü ərzində də kommunal problemlərin həlli diqqət mərkəzində saxlanılıb.
Çoxmərtəbəli yaşayış binalarında yaşayan sakinlər Qış mövsümündə istiliklə təmin edilmiş və nəticədə əhali eletrik enerjisinə qənaət etmişdir.
Ümumilikdə dövlət proqramına uyğun şəhərimizin qaz təchizatının yaxşılaşdırılması işləri artıq başa çatdırılmış, elektirk şəbəkəsinin yenidən qurulması ilə əlaqədar işlərə başlanılmış, bu sahədə bir çox işlər görülmüş, hazırda isə işlər davam etdirilir. Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə də başlanılmışdır. Çoxmərtəbəli yaşayış binalarında istismar müddəti ötmüş köhnə su və kanalizasiya xətləri, şəhərdaxili su xətləri yenisi ilə əvəz edilmişdir. Şəhərdə bütün abonentlərə yeni su sayğaclarının quraşdırılması işləri davam etdirilir. Bunun da nəticəsində yaxın vaxtlarda əhali fasiləsiz olaraq su ilə təmin olunacaqdır. Eləcə də dövlət başçısının tapşırığına əsasən şəhərdə mövcud çirkab suların təmizləyici qurğularının yenidən qurulması məqsədilə işlərə başlanacaqdır.
Dövlət Proqramında icra müddəti çatmış, lakin icrasına başlanılmamış tədbirlərlə bağlı, yəni Mədəniyyət obyektlərinin yenidən qurulması və tikintisi, Qarabağ” Müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar İcra Hakimiyyəti tərəfindən aidiyyatı üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmiş və bu sahədə də yaxın vaxtlarda işlərə başlanması nəzərdə tutulmuşdur.
Cənab Prezidentin diqqəti nəticəsində şəhərdə həlli vacib olan bir çox işlər görüldü, yeni müəssisələr, turizm obyektləri açıldı, bir sözlə şəhərdə geniş yenidənqurma işləri vüsət aldı. Mən bir faktı da diqqətinizə çatdırmaq istəyirəm: bütün bu görülən işlərin nəticəsidir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə şəhərə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı 40 faiz artaraq 4000 nəfərə çatmışdır.
Bu gün Naftalan şəhərində çoxmərtəbəli yaşayış binalarının fasadlarının milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənməsi, mənzillərə yeni plastik pəncərələrin quraşdırılması, binaların dam örtüklərinin müasir üslubda yenidən qurulması işləri davam etdirilir. Bundan başqa 2012-ci ilin ötən dövrü ərzində Böyük Vətən Müharibəsi iştirakçılarının, Qarabağ və 20 Yanvar şəhidlərinin adlarının əbədləşdirilməsi üçün yeni xatirə kompleksinin açılışı olmuşdur. Həmçinin 280 yerlik uşaq baxçası körpələr evinin, Heydər Əliyev Mərkəzinin tikintisinə də başlanılmış və hazırda işlər davam etdirilir. Dövlət Proqramlarında nəzərdə tutulmuş işlər yalnız sosial obyektlərin inkişafına deyil, həm də şəhərdə mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir. Bu, əhalinin sosial rifah halının daha da yüksəlməsində vacib rol oynayır. Təkcə 2012-ci ilin altı ayı ərzində şəhərdə görülən tikinti, abadlıq və yenidənqurma işlərində 239 nəfər müvəqqəti işlə təmin olunmuşdur.
Azərbaycanın işğal altında olan rayonlarından didərgin düşmüş və Kuorort Birliyinin mövcud sanatoriyalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən zəruri addımlar atılır. Belə ki, 2012-ci ilin ilk aylarında Naftalan şəhər Kurort-Birliyinin mövcud sanatoriyalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri Goranboy rayonunun ərazisində inşa olunmuş yeni evlərə köçürülmüş və həmin sanatoriyaların yerində müasir tələblərə cavab verən sanatoriya kompleksinin tikintisinə başlanılmışdır. Hazırda tikinti işləri davam etdirlir. Eləcə də, ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən bəhs edərkən qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsində bizim mövqeyimiz ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü məslələri heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Azərbaycanın ərzi bütövlüyü bərpa ediləcəkdir, bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndində qaldıracağıq.
Ekologiya ilinin davamı olaraq, həm də Naftalanın kurort zonası olduğunu nəzərə alaraq şəhərdə kurort iqliminin yaxşılaşdırılması məqsədilə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməciliklərdə şəhərin Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov parklarında, Şirvan prospektində, Dövlət bayrağı meydanı və yol kənarlarında 10000-dən artıq müxtəlif növ həmişəyaşıl ağac, şəhərin giriş hissəsində 20000 kvm əraziyə gül, çiçək qazon əkilmişdir. Həmin yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də daim diqqət mərkəzində saxlanılır.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsaəsn 2012-ci il ölkədə “İdman ili” elan edilmişdir. Təbii ki, bu Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də idmanın inkişafına böyük təkan vemişdir. Bu Sərəncamın icrası ilə bağlı tədbirlər planı hazırlanıb və aidiyyatı üzrə şəhərdə kütləvi idman tədbirlərin keçirilməsi, müxtəlif idman növləri üzrə regional yarışların təşkil edilməsi barədə işlər aparılır.
Eyni zamanda, vətəndaşların ərizə, təklif və şikayətlərinə daha diqqətlə yanaşılması, onların haqlı müraciətlərinin vaxtında həll olunması, eləcə də təsdiq olunmuş səyyar qəbul qrafikinə uyğun olaraq ayda iki dəfə olmaqla yerlədə vətəndaşlarla görüşlər təşkil olunur və mövcud problemlərinin həll edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, bir çox problem isə yerində həll olunur. O, cümlədən şəhərin bütün idarə, müəssisə və təşkilat rəhbərləri bu məsələyə ciddi yanaşmalıdırlar.
Çıxışıma yekun vuraraq qeyd etmək istərdim ki, əfsuslar olsun ki, şəhərin inkişafında bir çox uğurlar əldə olunsa da 2012-ci il iyun ayının 28-dən 29-na keçən gecə baş verən təbii fəlakət-yağan güclü leysan yağışı və eyni zamanda Goranboy rayonunun dağlıq hissəsindən gələn sel suları Naftalan şəhərini infrastrukturuna ciddi ziyan vurmuşdur. Hadisənin ilk vaxtlarından Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına köməklik göstərilməsi üçün şəhər fövqəladə hallar komissiyasının üzvləri və digər xidmət təşkilatlarının işçiləri dərhal selin daha çox ziyan vurduğu ərazilərə səfərbər olunmuşdur. Eyni zamanda sel basan ərazilərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin, 62 saylı Yİİ-nin, KTİB-nin və şəhərdə fəaliyyət göstərən iri sahibkarlara məxsus texnikalar da cəlb edilmişdir. Hazırda da təbii fəlakətin fəsadlarının aradan qaldırması üçün tədbirlər görülür, eləcə də bu barədə tərəfimizdən aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. İnanırıq ki, yaxın vaxtlarda təbii fəlakətin fəsadları aradan qaldırılacaqdır.
Bundan sonra da şəhərin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər kurort şəhəri olan Naftalanın dünyada daha tanınmasını və kurort şəhərləri arasında birincilər sırasında olmasını təmin edəcəkdir. Mən Naftalanda bütün bu həyata keçirilən genişmiqyaslı işlərə görə naftalanlılar adından ölkə rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
 

Keçidlər