20 Yanvar faciəsindən otuz dörd il ötür
1990-cı ilin qanlı 20 Yanvar faciəsindən 34 il ötür.
Tarixə və qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir.
Faciənin ildönümü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib.
Anım tədbirində ŞİH-nin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib. Şəhidlərin xatirəsinə ucaldılmış “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi” ziyarət olunub.
Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.