20 oktyabr “Energetiklər Günü”
Ölkəmizin energetika sahəsində çalışan mütəxəssisləri bu əlamətdar günü qürur və iftixarla qarşılayırlar. Energetiklər Gününün təsis olunması Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisə ilə bağlıdır. Belə ki, 44 il əvvəl - 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku istifadəyə verilib. Bu hadisə milli elektroenergetika sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı olub. Möhtərəm Prezident cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin günün Energetiklər Günü kimi təsis edilməsi, bu sahədə çalışan insanların fədakar əməyinə göstərilən yüksək qiymətin və dövlət səviyyəsində verilən böyük dəyərin bariz nümunəsidir.
Naftalanda 20-oktyabr “Energetiklər Günü” qeyd edilib. Tədbirdə Şəhər İcra Hakimiyyəti başçısının müavini, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Naftalan Elektrik Şəbəkəsinin kollektivi iştirak edib.
Tədbir iştirakçıları müasir, müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.















