Şriftin ölçüsü :

Saytın rəngi :

“İRS-Patrimonio” jurnalında naftalan nefti ilə bağlı məlumat verilib.

23 noyabr 2014 | 16:00

     Azərbaycanın zəngin mədəni irsi, ictimai-siyasi və sosial həyatı ilə bağlı məlumatların yer aldığı məşhur “İRS-Patrimonio” jurnalının ölkəmizin xüsusi qonaq qismində iştirak etdiyi “XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”na həsr olunmuş nömrəsi italiyalı oxucularda böyük maraq yaradıb. “İRS-Patrimonio” jurnalında Azərbaycan ilə bağlı italiyalı oxucuların diqqətini cəlb edən bir çox maraqlı məqalələr yer alıb. İlk olaraq nəşrdə Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyətindən və buradakı qədim qayaüstü təsvirlərdən bəhs olunur. Vurğulanır ki, Qobustanın qayaüstü kolleksiyası 6 mindən artıq təsvirdən ibarətdir. 2007-ci ildə Qobustan qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Azərbaycanın ən qədim və gözəl məkanlarından biri olan Naxçıvan Muxtar Respublikası barədə məlumatların yer aldığı jurnalda oxucuların diqqətinə çatdırılır ki, zəngin arxeoloji kompleksləri, tarixi abidələri, füsunkar təbiəti ilə seçilən bu diyar regionda mədəni zənginliyin və müxtəlifliyin qorunub saxlanıldığına gözəl nümunədir.
     Müalicəvi əhəmiyyətinə görə dünyada məşhur olan Naftalan nefti də nəşrin əsas mövzularından biridir. Bildirilir ki, Azərbaycana üz tutan minlərlə insan müxtəlif xəstəliklərdən xilas olmaq üçün burada Naftalan nefti ilə müalicə olunur. Buraya gələnlər naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Neft tərkibli yağla həyata keçirilən müalicə insan bədəninin müxtəlif hissələrindəki ağrıları aradan qaldırmağa, bir çox dermatoloji xəstəlikləri sağaltmağa kömək edir.Jurnalda, həmçinin Qarabağın orta əsr abidələri və mətbəxi ilə bağlı geniş məqalələr də yer alıb. Qeyd edilir ki, orta əsrlərdə Qarabağda memarlıq və şəhərsalma, dekorativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlayıb. Bu bölgədə 2 mindən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınıb.Qarabağ mətbəxinin ən ləziz nümunələrindən danışılan məqalədə bildirilir ki, arxeoloji və tarixi tədqiqatlar minilliklər ərzində Qarabağ kulinar mədəniyyətinin öz mahiyyətini qoruyub saxladığını göstərir. Yazıda bölgənin sakinlərinin qida rasionuna daxil olan ərzaqlardan, yeməklərin hazırlanma və süfrəyə təqdim edilmə qaydalarından geniş bəhs edilir.Jurnalda müsəlman Şərqində ilk operanın yaradıcısı, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası barədə də məlumat verilir. Bildirilir ki, operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından götürülüb. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında operettanın 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul olunub.
       Məqalələr oxuculara çoxsaylı şəkillərlə təqdim edilib.

Keçidlər