Naftalan şəhərində 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə ümumşəhər tədbiri keçirilmişdir
Naftalan şəhərində 15 İyun Milli Qurtuluş günü təntənə ilə qeyd olunub. Naftalan şəhər İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Parkında davam edən bayram tədbirində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirdi ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə baş verən siyasi proseslər digər respublikalardan fərqli idi. Belə ki, bir yandan hiyləgər qonşumuzun ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən ölkə rəhbərlərinin hakimiyyətə hərisliyi xalqı uçurum qarşısına gətirib çıxarmışdı. Ölkədə hökm sürən anarxiya, özbaşınalıq ölkəni iflic vəziyyətinə salmışdı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərcilik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik halları artırdı. Respublikada hakimiyyətə gəlmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında müharibə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən xalq cəbhəsi ilk gündən özünün qeyri sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilmədiyini göstərdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakiya dəvət etdi. Xalqın taleyinə heç vaxt laqeyid qalmayan Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakiya gəldi.
1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev qısa bir vaxt ərzində vətəndaş müharibəsinin qarşısını ala bildi. Qısa zaman kəsiyində orduda böyük quruculuq işləri aparıldı. Ölkədə hakimiyyət uğrunda gedən çəkişmələrə son qoyuldu. Bundan sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başladı. Beləliklə 15 iyun tariximizə Milli Qurtuluş günü kimi daxil oldu.
Bu gün xalqımızın fəlakətdən qurtarıldığı və qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu müqəddəs günü tarixə yazan isə ümummilli liderimiz Heydər Əliyevdir. Artıq respublikamız müstəqillik yolunda mətinlə irəliləyir. Heydər Əliyev dünyaya sübut etdi ki, Azərbaycanda qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni ləyaqətlə davam etdirən Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda Respublikası böyük dövlətlər üçün önəmli bir ölkəyə çevrilmişdir.
Bu gün iqtisadi və siyasi sahədə regionda aparıcı bir dövlətə çevrilən Azərbaycan öz müstəqilliyi yolunda mətin addımlarla, inamla xoş gələcəyə addımlayır.
Sonra tədbir konsert proqramı ilə davam etdirildi.