Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

16 oktyabr 2014 | 15:00

 

     16 oktyabr 2014-cü il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2014-cü ilin doqquz ayında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair hesabat iclası keçirildi.
      Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edirdi. İclası giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etmişdir ki, Respublikanın digər bölgələri kimi Naftalan şəhərinin də  infrasrukturu tamamilə təkmilləşir, şəhərimiz gündən-günə abadlaşır, gözəlləşir. Bu ilin doqquz ayında da sosial-iqtisadi sahədə uğurlar əldə olunmuşdur. Əldə olunan sosial-iqtisadi göstəricilər  şəhərin hərtərəfli inkişaf yolu ilə irəlilədiyini bir daha təsdiq edir.
      Ümumi məhsul buraxılışının həcmi 12566 min manat, sənaye məhsulunun həcmi 16 faiz artaraq 1252.9 min manat olmuşdur. Şəhərin nəqliyyat sektorunda görülən iş və xidmətlərin  həcmi 25.8 faiz artaraq 245 min manat təşkil etmişdir. Həmin dövrdə hüquqi və fiziki şəxslərə 119.6 min manatlıq  rabitə xidməti göstərilmişdir.Pərakəndə əmtəə dövriyyəsinin həcmi 12211.8 min manat,  bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə  277 manat olmuşdur.
     Məlumat verildi ki, bu müddətdə şəhərin büdcəsi subsidya ilə birlikdə 3163.8  min manat, xərcləri isə 2235.4  min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 1788.9 min manat nəzərdə tutulduğu halda  2376.8 min manat olmuşdur, yəni planda nəzərdə tutulduğundan 588  min manat çox vəsait daxil olmuşdur.
     Əhalinin Sosial Müdafiəsi Mərkəzində 85 ailənin 337 ailə üzvünə Ünvanlı Dövlət Sosial Yardım təyin edilmiş, ümumilikdə 174 ailəyə Ünvanlı Dövlət Sosial Yardım verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 65 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyin edilmiş, şəhər üzrə ümumilikdə əmək pensiyaçılarının sayı 1410 nəfərdir. Əhaliyə pensiya və müavinət  ödənişi üzrə borc qalmamışdır.
     Şəhərdə təhsil, səhiyyə, mədəniyyət və idman sahəsi də daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır.
     Tam orta məktəblərin məzunlarından 2 nəfəri 600-dən yuxarı, 1 nəfəri 500-dən yuxarı, iki nəfəri isə 400-dən yuxarı bal toplamışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüş müəllimlərdən biri Naftalan şəhər məktəbində çalışır. Bu bizi sevindirsə də, bununla arxayınlaşmaq olmaz, çünki ali məktəblərə qəbul olanlar 42 faiz təşkil edir, ona görə də  tədrisin keyfiyyətini artırmaq üçün müəllimlərimiz işlərində məsuliyyəti daha da artırmalıdırlar.
       Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirmişdir ki, ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də genişmiqyaslı  abadlıq və yenidənqurma işləri davam etdirilir. “Azərbaycan Respublikası regionlarının    2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər ərazisində geniş abadlıq, quruculuq  və tikinti  işləri aparılmışdır. 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında da Naftalan şəhəri üzrə bir çox mühüm tədbirlər nəzərdə tutulub ki, bunun da şəhərimizin gələcək inkişafına böyük təsiri olacaqdır.
      “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə ”Dövlət Proqramı” na uyğun olaraq  Naftalan kurortunun yenidən qurulması ilə bağlı da bir sıra tədbirlər həyata keçirilmiş, hazırda beynəlxalq standartlara uyğun, yüksək zövqlə inşa edilən 264 yerlik “Qarabağ” sanatoriyasında  son tamamlama işləri aparılır. Burada 150 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Eyni zamanda ölkə başçısının şəhərimizin sosial-iqtisadi inkişafı məqsədilə imzaladığı müvafiq Sərəncamlarına əsasən 6 km uzunluğunda Naftalan-Qaşaltı-Qaraqoyunlu avtomobil yolu  əsaslı təmir olunmuş, çoxmənzilli yaşayış binalarında aparılan əsaslı təmir işləri isə yekunlaşmaq üzrədir.Yaxın vaxtlarda binaların ətrafında və məhəllələrdə abadlıq işləri həyata keçiriləcəkdir. Ən əsası isə yeni 80 yerlik Mərkəzi Şəhər Xəstəxanasının tikintisinin başlanılmasıdır ki, bu sakinlərin yüksək səviyyəli şəfa ocağında tibbi xidmətlə təmin olunması  üçün əvəzsiz töhfədir. Bundan başqa  yeni avtovağzal komleksinin,  3 mərtəbədən ibarət şəhər Polis şöbəsinin və Naftalan Bələdiyyəsinin yeni inzibati binasının tikintisi işləri də davam etdirilmişdir.
      Güclü leysan yağışları yağan zaman Goranboy rayonunun dağlıq hissəsindən gələn sel sularının dağıdıcı təsirinin qarşısının alınması məqsədilə Qaşaltı Qaraqoyunlu kəndində mövcud süni göldə təmizləmə işləri aparılmış və hazırda göldə ümumi uzunluğu 163.6 p/m olan daş-beton qoruyucu bəndin tikintisi, eləcə də şəhərdə yağış sularının axıdılması üçün yeni xətlərin çəkilişi işləri davam etdirilir.     47 km uzunluğunda kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri başa çatmaq üzrədir.
      Şəhərdaxili yollara  yeni yol daşları düzülmüş və hazırda yeni asfalt örtüyünün  salınmasına başlanılmışdır. Parklarda da abadlıq işləri aparılmış, şəhərin girişindən başlayaraq yol kənarlarında, parklarda müxtəlif növ dekorativ ağac və gül kolları əkilmişdir.
      Payız-qış mövsümü ilə əlaqədar tədbirlər  planına uyğun şəhərdə kommunal xidmət göstərən təşkilatlar tərəfindən hazırlıq işləri, eləcə də tam orta məktəblərdə istilik təsərrüfatı sahəsində cari təmir işləri  aparılmışdır.
      Son illər Naftalan kurort şəhərinin sürətli inkişafının nəticəsidir ki, şəhərimizə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı 2010-cu illə müqayisədə bu ilin doqquz ayında  5 dəfə artaraq 12500 nəfərə çatmışdır.
      Eyni zamanda artıq digər xarici ölkələrin turizm şəhərlərinin Naftalanla beynəlxalq  əlaqələr qurması hər il ənənə halı almışdır. Naftalan Fransa Respublikasının Leql, İtaliyanın Pozitano şəhəri ilə yanaşı, cari ildə Rusiya Federasiyasının Yesentuki və Polşanın Uneyov şəhərləri ilə  əməkdaşlıq etməyə başlamışdır
      Naftalan şəhər İcra Hakimyyəti başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində qısa zaman kəsiyində şəhərdə böyük uğurlara imza atılmış və bundan sonra da  Naftalan  kurort şəhərinin hərtərəfli inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
      Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2014-cü ilin doqquz ayında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi S.Tağıyev və şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru S. Həsənov çıxış etdilər.

Keçidlər