Naftalan şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir
Naftalan şəhər İcra Hakimiyyətində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir. Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik etmiş, 28 May Respublika Gününün Azərbaycanın tarixinə parlaq səhifə kimi əbədi daxil olduğunu bildirmişdir. Qeyd etmişdir ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasının ilk parlamentli respublikası və ilk demokratik hüquqi və dünyəvi dövləti olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. Belə ki, demokratiya və hüququn bərqərar edilməsində və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların tanınması, bir çox avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, təhsilin, mədəniyyətin inkişafına yer verilməsi, nizami milli ordunun, təhlükəsizlik sturukturlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi məhz Azərbaycan Demokratik Respublikasının əldə etdiyi nailiyyətlərdəndir.
1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokrat Respublikasının siyasi varisi olan Azərbaycan Respublikası 1991- ci ildə yenidən öz müstəqilliyini əldə etdi. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümumimilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalq Cümhuriyyətinin əsasları və xalq cümhuriyyəti dövründə qəbul edilmiş rəmzlər bu günkü müstəqil dövlətin atributları kimi saxlanaraq müstəqil Azərbaycan dövləti quruldu. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq mürəkkəb vəziyyətdə öz müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacardı. Bu gün də möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan Respublikası günü – gündən güclənir, demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, bütün sosial sferalarda böyük uğurlara imza atılır.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan danışmış, müasir Azərbaycan Respublikasının da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir dünyamızda öz layiqli mövqeyini qazanmasından, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünyanın inkişaf etmiş ölkələri sırasında özünəməxsus yer tutmasını dinləyicilərin diqqətinə çatdırmışlar.