Naftalanda növbəti səyyar qəbul keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov səyyar qəbullarda şəhərin müxtəlif ərazilərində yaşayan vətəndaşlarla görüşür, onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir. Səyyar görüşlərin keçirilməsində əsas məqsəd mövcud problemlərə yerində baxılması, icrasının qanunamüvafiq və operativ həll edilməsidir.
Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbul qrafikinə əsasən növbəti qəbul şəhərin 8, 9, 14 və 15 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirildi.
Şəhər İcra Hakimiyyətinin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan, əldə olunan uğurlardan, xüsusilə Naftalan şəhərində aparılan abadlıq-quruculuq işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Həmçinin diqqətə çatdırılıb ki, vətəndaşların birbaşa müraciətlərini təmin etmək məqsədilə rəqəmsal icra hakimiyyəti portalı yaradılmışdır. Bu da yerli icra hakimiyyəti orqanında çeviklik və səmərəliliyin təmin edilməsinə xidmət göstərəcəkdir.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.