Naftalanda Aprel şəhidinin ildönümü qeyd edilib
Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş kapitan Vaqif Dilqəm oğlu Bayramovun il dönümü ilə əlaqədar Naftalanda tədbir təşkil olunub. Tədbirdə ŞİH başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, Ağsaqqallar Şurasının sədri, Millət Vəkilinin köməkçisi və icra hakimiyyəti aparatının məsul əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları, Şəhidin ailə üzvləri ilə birgə məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. ŞİH başçısı Şəhidin məzarı önündə çıxış edərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, aprel döyüşlərinin Azərbaycan xalqının mübarizliyinin, Rəşadətli Ordumuzun gücünün-qüdrətinin təntənəsi olduğunu və Vətən müharibəsində Zəfərə gedən yolun başlanğıcı olduğunu qeyd edib. Həmçinin, ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslə hər bir şəhidin şücaətinin nümunə olduğunu diqqətə çatdırıb.
Sonra rəssam Elxan Əliyevin müəllifi olduğu, Xocavəndin Hadrut qəsəbəsində ucaldılmış “Dəmir Yumruq“ heykəlinin kiçik formasını Şəhidin xanımı Nuranə Bayramovaya təqdim edib.
Tədbir Vaqif Bayramovun təhsil aldığı İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə davam edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları məktəbdə Şəhidlərin adını daşıyan siniflərlə də tanış olublar.
Şəhid ailələrinin nümayəndələri, qazilər ölkə başçısının, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, döyüş iştirakçılarına diqqət və qayğısından söz açaraq, yüksək minnətdarlıqlarını ifadə ediblər.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya dinlənilib.
Vurğulamaq istəyirik ki, Şəhid Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.