Naftalanda sakinlərlə növbəti səyyar qəbul keçirilib
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Naftalan Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir.
Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbul qrafikinə əsasən növbəti qəbul şəhərin 6, 7, 11 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirildi.
Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirilib. Müraciətlər arasında bəzi çoxmənzilli yaşayış binalarının fasad işıqlarının təmiri, qurumuş ağacların götürülməsi, yaşıllıqların salınması və sair məsələlər üstünlük təşkil edib.
Görüşdə sakinlərin diqqətinə çatdırılıb ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, şəhərin bütün infrastrukturu yenilənib, şəhərdə əsaslı təmir işləri aparılıb.
Eyni zamanda şəhərimizdə idman həvəskarları və turist məmnunluğunu təmin etmək üçün ölkədə ilk olaraq 7 km uzunluğunda velosiped yolu çəkilib. Səliqəsi və təmiz havası ilə buraya gələn qonaqları valeh edən şəhərimizin müxtəlif ərazilərində ötən il 10 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib, bu proses hazırda davam etdirilir, şəhərin eko mühitinə daim önəm verilir.
Görüş zamanı səsləndirilən problemlərin araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.