Qızıl Aypara Cəmiyyətinin 102 illiyi ilə bağlı tədbir keçirilib
Naftalanda Qızıl Aypara Cəmiyyətinin yaranmasının 102 illiyi ilə bağlı Naftalan ŞİH-nin və Goranboy-Naftalan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ŞİH-nin əməkdaşı Afət Mustafayeva respublikada ictimai və sosial həyatda özünəməxsus yeri tutan humanizm və könüllülük prinsipinə əsaslanaraq fəaliyyət göstərən, 102 il şərəfli inkişaf yolu keçmiş, zəngin tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixindən danışaraq qeyd edib ki, Ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoyub.
Goranboy-Naftalan Qızıl Aypara Cəmiyyətinin sədri Sənan Sadıqov Cəmiyyətin göstərdiyi səmərəli fəaliyyətini qeyd edərək bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2008-ci ildə hər il mart ayının 10-u tarixinin respublikada «Qızıl Aypara Günü» kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanı parlaq gələcəyə aparan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar Cəmiyyətin statusunun, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım olub.
Sonda Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yaxından iştirak edən Naftalanlı üzvlər və könüllülər təşəkkürnamə ilə təltif edildilər.