Naftalanda silsilə tədbirlər davam edir
Naftalan şəhərinin idarə və müəssisələrində Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində “26 fevral Xocalı soyqrımı” ilə bağlı açıq dərs keçirilib. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyi vurğulanmış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərildiyi məktəblilərin diqqətinə çatdırılmışdır.
Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə “Xocalı faciəsi – qan yaddaşımız” mövzusunda şeir müsabiqəsi keçirilib. Qaliblərə Natalan şəhər Gənclər və İdman idarəsi tərəfindən diplomlar və hədiyyələr təqdim edilib.
Məktəblərin foyesində şagirdlərin “Əsrin faciəsi”, “Xocalı-30”, “Xocalı qan ağlayır” mövzularında rəsm işləri sərgilənmiş, şagirdlərin Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını əks etdirən “Susdurulmuş şəhərin fəryadı”, “Göynəyən yaram mənim”, “Salam Xocalım” mövzularında təqdimatları dinlənilmişdir. Həmçinin, məktəblərdə 25.02.2021-ci il tarixdə Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilib, məktəblərin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb.
Əlilliyi olan şəxslərin və qazilərin iştirakı ilə Naftalan Reabilitasiya Mərkəzində də “Xocalı faciəsi- tariximizin qan yaddaşıdır” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində videoçarx nümayiş olunub və Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.
25 fevral 2022-ci il tarixdə Naftalan şəhər V. Namazov adına Körpələr evi- Uşaq bağçasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib, uşaqların ifasında ədəbi-bədii kompozisiya dinlənilib.
Həmçinin şəhərdə fəaliyyət göstərən digər müəssisə və təşkilatlarda “Xocalı soyqırımı-30 il” mövzusunda tədbirlər davam etdirilir.
Tədbirlər mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunub.