Şriftin ölçüsü :

Saytın rəngi :

“Euronews” telekanalı Naftalan nefti barədə geniş reportaj hazırlamışdır.

13 iyun 2014 | 15:00

AzərTAc xəbər verir ki, iyunun 11-də telekanalda Naftalanda yerləşən sanatoriyalarla bağlı süjet təqdim edilmişdir. Süjetdə tamaşaçılara Naftalan neftinin müalicəvi xüsusiyyətləri haqqında məlumat verilmişdir.
Reportajda Azərbaycanın zəngin müalicəvi turizm bölgələrindən, burada insanların ilboyu palçıq vannası qəbul etmələrindən və Naftalan yağı ilə şəfa tapmalarından bəhs olunur.      
    Bildirilir ki, Azərbaycan torpaqlarının möcüzələrindən biri də Naftalan yağıdır. Müalicəvi xassələrə malik Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin aradan qaldırılmasında əvəzsizdir. Bu təbii müalicə vasitəsinin qaraciyər xəstəliklərinin, oynaqların və yumşaq toxumaların müalicəsində müstəsna əhəmiyyəti vardır. Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, o cümlədən uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə insan müxtəlif xəstəliklərdən xilas olmaq üçün burada Naftalan nefti ilə müalicə olunmuşdur. Buradakı ilk müalicə mərkəzi 1929-cu ildə qurulmuşdur. Bu mərkəz keçmiş SSRİ-nin elitası arasında daha məşhur olmuşdur. Ancaq Naftalan neftinin şəfaverici xüsusiyyəti daha öncədən kəşf edilmişdir. Buranın kəşf edilməsi ilə bağlı belə bir əfsanə dolaşmaqdadır. Buradan bir karvan keçərkən adamlardan biri xəstə dəvəsindən qurtulmaq üçün onu palçıq gölməçəsinə atmış və geri dönərkən dəvəsinin sağaldığını görmüşdür.
     Reportajda, həmçinin hələ çox qədim zamanlardan Naftalan nefti və onun müalicəvi əhəmiyyəti haqqında insanlarda məlumat olduğu, o cümlədən yazılı mənbələrdə Naftalan haqqında məlumatlara məşhur səyyah Marko Polonun əsərlərində rast gəlindiyi də bildirilir.
      Turist Elena Chelnakovanın dedikləri isə çox maraqlıdır: “Bel yırtığından əziyyət çəkirdim. Naftalanda 4-5 vanna qəbul etdikdən sonra özümü yaxşı hiss etməyə başladım. Düzü, bu qədər yaxşılaşacağımı zənn etmirdim”.

Keçidlər