Naftalanda “Gənclər həftəsi” çərçivəsində tədbirlər keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə, Şəhər Gənclər və İdman idarəsi “02 fevral - Gənclər Günü” ilə əlaqədar silsilə tədbirlər keçirib.
Tədbir iştirakçıları ilk olaraq Şəhidlərin xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksini ziyarət edib, gül dəstələri düzüb, ruhlarını böyük ehtiramla yad ediblər.
Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Natiqlər bildiriblər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu gün gənclər siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar, qəbul edilmiş Dövlət proqramları yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır.
02 fevral- Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində gənclərin dünyagörüşünün artırılması, onlarda məlumat bazasının formalaşdırılması, möhkəmləndirilməsi və əyləncəli şəkildə elmi və praktiki biliklərə yiyələnməsi məqsədilə məktəblilər arasında “Nə? Harada? Nə zaman? İntellektual yarışması üzrə Naftalan şəhər çempionatı keçirilib.
Tədbir çərçivəsində “02 fevral – Gənclər Günü”nə həsr olunmuş istedadlı şahmatçıların aşkar edilməsi və şahmata marağın artırılması məqsədilə keçirilən şahmat turniri başa çatıb.
Həmçinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilarçılığı ilə gənclər arasında veloyürüş təşkil olunub.
Sonda şəhərin ictimai-mədəni həyatında, təhsildə, səhiyyədə, idmanda fəallığı ilə fərqlənən gənclərə “İlin ən fəal” nominasiyası üzrə diplom və hədiyyələr təqdim edilib.