Naftalanda qazilər üçün bayram tədbiri təşkil olunub
Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslər və qazilər üçün 31 Dekabr Dünya Azəraycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra hakimiyyəti başçısının müavini, mərkəzin direktoru, həmçinin şəhid ailələri, qazilər o cümlədən mərkəzdə stasionar müalicə alan əlilliyi olan şəxslər iştirak edib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə möhtərəm Prezident cənab İlham Əliyevin həyat fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
ŞİH başçısının müavini Kəmalə Hüseynova çıxış edərək, qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib, onlara ən xoş, səmimi arzularını çatdırıb. Həmçinin, vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən Naftalan Reabilitasiya Mərkəzi Vətən müharibəsində yaralanmış qazilərimizin bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. Bu istiqamətdə verilən qərarlar, imzalanan sərəncamlar Şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğının təzahürüdür.
Mərkəzin direktoru Pərvanə Abdurəhmanova dövlətimiz və cəmiyyətimiz üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonrakı mövcud durumunun, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyətinin önəmli olduğunu qeyd edib.
Tədbirdə iştirak edən Şəhid ailələrinin üzvləri və qazilər dövlətimizin rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda Şəhid və qazi övladlarına Yeni il hədiyyələri təqdim edilib.