Ulu Öndər Heydər Əliyevin Anım günü ilə bağlı Naftalanda video-konfrans keçirilib
Naftalan şəhərində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə video-konfrans keçirilib.
Tədbirdə ŞİH-nin başçısı, YAP Naftalan şəhər təşkilatı, eyni zamanda idarə, müəssisə rəhbərləri iştirak ediblər.
Tədbirin açılışında böyük şəxsiyyətin və Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ŞİH - nin başçısı çıxış edərək vurğulayıb ki, hələ sovet dövründə Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlıqları nəticəsində Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib, eyni zamanda fenomen şəxsiyyətin yenidən hakimiyyətə qayıdışı ilə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkənin beynəlxalq aləmdə nüfuzu artmış, hərtərəfli inkişafa nail olunmuş, müstəqilliyimiz əbədi və dönməz olmuşdur.
Həmçinin, qeyd edilib ki, dahi şəxsiyyətin layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin əmanətinə ləyaqətlə sahib çıxaraq, Ata vəsiyyətini yerinə yetirərək, 44 günlük Vətən müharibəsində mənfur düşmənin işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Digər çıxışçılar, Ulu Öndərin şərəfli ömür yoluna nəzər salaraq, Ümummilli Liderin müstəsna xidmətləri ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazandığını xüsusi qeyd ediblər.
Sonda məktəblilərin ifasında “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompozisiya dinlənilib.