Şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub
Naftalan şəhərində bu gün 14 yaşı tamam olan mülki Şəhid Şəhriyar Nadir oğlu Qurbanovun xatirəsi anılıb.
ŞİH başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, Şəhidin atası və digər əməkdaşlar Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu böyük ehtiramla yad ediblər.
Həmçinin, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elyəddin Cəfərovunda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.
İcra başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söhbət açaraq vurğulayıb ki, şəhidlərimizin qanı hesabına qazanılan 44 günlük Vətən Müharibəsindəki Zəfər milli iradənin təntənəsi və xalqımızın qürur mənbəyidir.
Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixində erməni qəsbkarlarının müharibə qaydalarına zidd olaraq mülki əhalinin yaşadığı yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla bir ailənin beş üzvü faciəli şəkildə həlak olmuşdur.
Şəhidin atası Nadir Qurbanov bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürünü bildirib.