YAP-nın 29-cu ildönümü qeyd edilib
Naftalan şəhərində YAP-nın təsis edilməsinin 29-cu ildönümü münasibətilə ŞİH-nin və YAP-nın Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Hatəm Qocayev, idarə müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad edilib.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Sonra Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
ŞİH-nin başçısı tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, bu gün öz ətrafında 800 minə yaxın insanı birləşdirməklə YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Müzəffər Ali Baş Komandan, partiya sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olmuşdur. Həmçinin icra başçısı qeyd etdi ki, Vətən müharibəsində Ali Baş Komandanın uğurlu hərbi strategiyası, Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində Qarabağın işğaldan azad olması möhərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan siyasətin, heç bir alternativi olmadığını tam sübut etmişdir.
Digər çıxış edən natiqlər qeyd ediblər ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyi dayanır. Dövlət başçısının rəhbərliyi ilə YAP-nın dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.
Tədbirin sonunda YAP sıralarına daxil olan bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.