Naftalan daha bir şəhərlə qardaşlaşdı.
Polşa Respublikasının Uneyuv şəhər İcra Başcısı Juzef Kaçmarekin dəvəti ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-23 may 2014-cü il tarixlərdə həmin şəhərdə səfərdə olmuşdur. Səfər çərçivəsində Qəsrdə yerləşən muzeylə tanışlıqdan sonra nümayəndə heyətinin və Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun iştirakı ilə Uneyov meri Juzef Kaçmareklə görüş keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra səfir H.Həsənov qeyd edib ki, bu şəhərlər arasında ikitərəfli əlverişli əlaqələrin inkişafına və hər iki dost şəhərin sakinləri arasında münasibətlərin qurulmasına xidmət göstərəcək, eləcə də bu cür tədbirlərin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərləri paylaşmasına geniş imkan yaradacaq.
Mayın 22-də Naftalan və Uneyuv şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb. Müqavilədə iki şəhər arasında bütün səviyyələrdə, o cümlədən təhsil, iqtisadi-sosial, mədəniyyət, incəsənət, idman kimi sahələrdə əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilmişdir.
Nümayəndə heyəti səfər çərçivəsində Uneyovun bir neçə turizm və qədim mədəni yerlərlə, Geoterma, İnsan Sağlamlığı İnstitutu, Cəngavər Qalası, Futbol meydançası kompleksi, Köhnə Dəyirman Turizm kompleksi, Hotel Lavenda Terma və onların rəhbərləri ilə tanış olmuşlar.
Görüşlər zamanı Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov onlara bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sahəsində Naftalanın unikal sanatoriya-kurort mərkəzinə çevrilməsi və Naftalan kurortunun dünyada tanınması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Naftalanın sürətli inkişafı Azərbaycandan kənarda da şəhərimizə marağın artmasına səbəb olmuş, xarici qonaqların gəlməsinə müsbət təsir göstərmişdir. İnsanları bura gətirən səbəb isə təbii ki, Naftalan neftinin əvəzolunmaz müalicəvi əhəmiyyəti və onların burada şəfa tapmasıdır.
N.Aslanov Naftalan və Uneyovun oxşar şəhərlər olmasını nəzərə alaraq iki şəhər arasında turizm sahəsində davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdıraraq həmin müəssisələrin rəhbərlərini və şəhər meriyasını Naftalan şəhərinə dəvət etmişdir.
Səfər mayın 23-də başa çatıb.
Əlavə olaraq məlumat veririk ki, Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano və Rusiya Federasiyasının Yesentuki şəhərləri ilə əməkdaşlıq edir.