Naftalan şəhərində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Naftalan şəhər İcra Hakimiyyətində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində Şuşanın işğalı zamanı şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açmışdır. Qeyd olunmuşdur ki, Şuşanın işğalından 20 il keçir. Hər daşı, hər qarış torpağı xalqımızın həyatıda baş vermiş bir çox tarixi hadisələrə şahid olmuş bu şəhər təkcə sənət mərkəzi, Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin vətəni deyil, həm də tarixən hərbi strateji əhəmiyyət kəsb edən bir alınmazlıq, bir basılmazlıq qalası olmuşdur. 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi. Şuşanın işğalı zamanı 195 nəfər şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər itkin düşmüşdür. İşğal nəticəsində Azərbaycan muğam sənətinin, Qarabağ xalçalarının, mədəniyyətin beşiyi Şuşada 279 dini, tarixi və mədəni abidə, 2 sanatoriya, 70 yerlik turist bazası, 1200 yerlik internat, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, şərq musiqi alətləri fabriki dağıdılmış və yandırılmışdır.
Ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi müddət ərzində işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparmışdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Dövlətimizin başçısı dəfələrlə birmənalı şəkildə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış heç bir danışıqdan söhbət gedə bilməz. Ermənilər havadarlarının köməyi ilə zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən doğma Şuşamızı tərk etməlidirlər. Əks təqdirdə, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək torpaqlarımızı yadellilərdən azad edəcəkdir.