Şəhidlərin adını yaşadan siniflər
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində ölkəmizdə məqsədyönlü işlər görülür.
Naftalan şəhərində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədi ilə oxuduqları sinif otaqlarına şəhidlərin adı verilib.
İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Şəhid Fərid Adıgözəlovun, S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Şəhid Bəhruz Firuz oğlu Quliyevin və Şəhid Bəxtiyar İlqar oğlu Aslanovun, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində isə Şəhid Elyəddin Cəfərovun, Şəhid Şəhriyar Qurbanovun, Şəhid Fidan Qurbanovanın oxuduğu sinif otaqlarında adları əbədiləşdirilib. Sinif otaqlarının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, otaqda şəhidlərin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
Tədbirdə iştirak edən ŞİH başçısı Vüqar Novruzov qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Zəfər çaldı. Bəhruz, Fərid, Elyəddin, Bəxtiyar kimi neçə-neçə oğullarımızın qanı, canı bahasına torpaqlarımız mənfur düşməndən azad edildi. Şəhidlərin adlarını daim yaşatmaq, onların xatirəsini əziz tutmaq ən müqəddəs amalımızdır. Sinif otaqlarına şəhid adlarının verilməsi də məhz bu amala xidmət edir.
Şəhid Bəhruz Quliyevin qızı Mədinə də bu ilki birincilər sırasındadır. Mədinə bala bu gün S.Vurğun adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoyur. O, Şəhid Bəxtiyar Aslanovun adına olan sinif otağında təhsil alacaq və şəhidimizin əyləşdiyi partada əyləşəcəkdir.
Həmçinin, məktəb rəhbərləri sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini vurğuladılar.
Qeyd edək ki, Şəhriyar Nadir oğlu Qurbanov və Fidan Elşən qızı Qurbanova 27 sentyabr 2020-ci il tarixdə mənfur düşmənin atdığı top mərmisi nəticəsində həyatlarını itirmişlər. O zaman Şəhriyar həmin məktəbin 7-cı sinfində, Fidan isə 9 sinfində təhsil alırdı.