Şəhidimizin ad günü qeyd edildi
Bu gün Naftalan şəhər sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Fərid İlqar oğlu Adıgözəlovun 29-cu doğum günü məzarı önündə, Şəhər İcra Hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri ilə birlikdə qeyd olundu. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən icra başçısı bildirdi ki, Azərbaycan xalqı Ali Baş Komandanımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun qüdrəti ilə qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad ediblər.
Həmçinin vurğulandı ki, Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemləri hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılacaq, Azərbaycan xalqı Qarabağımızın işğaldan azad olunması uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq.
Müqəddəs Üçrəngli bayrağımız bu gün respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda dalğalanmaqdadır.
Həmçinin, Naftalan şəhər Gənclər və İdman idarəsinin və Naftalan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Fərid Adıgözəlovun doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Şəhidin 29-cu doğum günü ilə əlaqədar olaraq Memorial Kompleksin ətrafına 29 ağac əkilib.
Qeyd edək ki, şəhid Fərid Adıgözəlov ölümündən sonra dövlət başçımızın 15 dekabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən “Vətən uğrunda” medalı, 29 dekabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən “Suqovuşanın azad olunmasına” görə medalı ilə təltif olunmuşdur.