Naftalanda şəhid Fərid Adıgözəlovun övladının 1 yaşı qeyd olunub
44 günlük Vətən müharibəsində canından keçərək ali şəhidlik zirvəsinə ucalan şəhid Fərid Adıgözəlovun qızı Gülsurənin bu gün 1 yaşı tamam olur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğı Naftalanda da hər zaman örnək götürülür.
Bu gün Naftalan ŞİH-nin əməkdaşları şəhidin övladının ad günü münasibəti ilə onun ailəsinin yaşadığı evdə olublar, ŞİH və naftalanlılar adından Gülsurəni təbrik edib, valideyninə hədiyyələrini təqdim ediblər.
Həmçinin, icra başçısı Vüqar Novruzov şəhidin həyat yoldaşı Fidan Adıgözəlova ilə telefon əlaqəsi saxlayıb, balaca Gülsurəni səmimi qəlbdən təbrik edib, fəxr yerimiz olan şəhidlərimizin ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu və vəzifəsi olduğunu vurğulayıb.
Fidan Adıgözəlova şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan, əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrini və məzarlarını ziyarət edən şəhər rəhbərliyinə təşəkkürünü çatdırıb