DTA və ATB nümayəndələri Naftalanda
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Destinasiyalarla iş sektorunun müdiri Don Taylor, DTA-nin Regional turizm inkişafı sektorunun müdiri Elgün Cavadov, ATB-nun turizm məhsulu sektorunun müdiri Şərifə Həsənova, Gəncə Destinasita Menecment Təşkilatının direktoru Zaur Bayramov və digər məsul əməkdaşlar Naftalan ŞİH-də olublar.
ŞİH başçısı Vüqar Novruzov qonaqları qəbul edib, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Naftalan şəhərinin turizm inkişaf strategiyası layihəsinə uyğun olaraq Naftalanda həyata keçirilən layihələrlə bağlı ətraflı söhbət aparıblar. Qeyd olunub ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də çıxışında söylədiyi kimi, Naftalanı müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir ki, bununla da bağlı ardıcıl islahatlar aparılır. Layihələrin əsas məqsədi Naftalan şəhərini turistlər üçün daha cəlbedici etmək, həmçinin buranın mövcud turizm potensialından səmərəli istifadə etməkdir.
Qonaqlar Naftalanda turizm informasiya mərkəzinin və veloturlar və velosiped kirayəsi dayanacağında son tamamlama işlərinə baxış keçiriblər. .Həmçinin, şəhərdə quraşdırılmış yerli və xarici turislər üçün yeni istiqamətverici turizm məlumat nişanları ilə, eləcədə layihəsi planlaşdırılmış amfiteatrın qurulacağı əraziylə tanış olublar.
Daha sonra ATB və DTA-nın əməkdaşlarının maraqlarına səbəb olmuş Naftalanda qədim tunc dövrünə aid olan Qalaboynu adlandırılan çox təbəqəli yaşayış yerində də oldular. Naftalanın dünyada analoqu olmayan şəfaverici nefti ilə yanaşı həm də böyük arxeoloji turizm potensialına malik olması qonaqların diqqətinə çatdırılmışdır.
Şəhər gəzintisi zamanı 44 günlük Vətən müharibəsində, erməni işğalçılarının atdığı top mərmilərinin fəsadları ilə bağlı şəhərin tanıtma lövhəsinin üzərindəki düşmən tərəfindən atılmış mərmi izləri və bu vandalizmlə bağlı quraşdırılmış məlumatlandırıcı lövhə qonaqlarda xüsusi maraq doğurub.