“14 iyul 1969-cu il: Uğura aparan tarixi gün”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Uğura aparan tarixi gün” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH başçısı aparatının məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak edib.
Öncə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçirilib, Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olunub, Ulu Öndərimizin vətəni, xalqı qarşısında müstəsna xidmətlərini ehtiva edən filim nümayiş olunub.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək qeyd ediblər ki, bu şərəfli mərhələnin başlanğıcı 1969-cu il 14 iyula təsadüf edir. Məhz həmin tarixdən etibarən ölkəmizdə inkişafın, sabitliyin və rifahın yeni mərhələsi başlanmış, xalqımızın taleyində dönüş nöqtəsi yaranmışdır.
Həmin dövrdə atılan sosial-iqtisadi və siyasi-ideoloji addımlar gələcək müstəqil Azərbaycanın möhkəm təməlini qoymuşdur. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı isə milli kimliyimizin və dövlətçilik ənənələrimizin bərpasında mühüm rol oynamışdır. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərin və beynəlxalq nüfuzunun əsasını məhz onun uzaqgörən siyasəti və xalqına olan sonsuz sevgisi təşkil edir.
Qeyd olunub ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf edir, müasir islahatlar həyata keçirilir və Azərbaycanın beynəlxalq mövqeləri getdikcə güclənir.















