Naftalan Reabilitasiya Mərkəzində müalicə alan qazilər sağlamlıqlarını bərpa edirlər
Vətən müharibəsi dövründə döyüşçülərə, müharibədən sonra isə qazilərə xidmət göstərən tibb müəssisələrindən biri də Naftalan Reabilitasiya Mərkəzidir. 2008-ci ildə yaradılan Mərkəz 2019-cu ildə əsaslı təmir və yenidənqurmadan sonra əlillərə yüksək səviyyədə tibbi reabilitasiya və psixoloji yardım xidmətləri göstərməyə başlayıb.
25 çarpayılıq Naftalan Reabilitasiya Mərkəzində Vətən müharibəsi dövründə 80-dən çox müharibə iştirakçısına həm tibbi reabilitasiya, həm də psixoloji yardım göstərilib.
Naftalan Reabilitasiya Mərkəzində müharibədən sonra qazi və şəhid ailələri, müharibədən əziyyət çəkən uşaqlar, o cümlədən Naftalan sakinləri üçün tibbi reabilitasiya və psixoloji yardım xidmətləri həm stasionar, həm də ambulator şəraitdə təşkil olunub. Ümumiyyətlə müharibədən sonrakı dövrdə Mərkəzə müraciət edən 10 qazi burada öz sağlamlığını bərpa edib. Hazırda pandemiya səbəbindən ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq Mərkəzə xəstə qəbulu məhdud sayda – hər dəfə 12-13 nəfər olmaqla qəbul olunur.
Mərkəzdə xidmət göstərən peşəkar həkimlərin nəzarəti altında effektli müalicə almaq və sağlamlığı bərpa etmək mümkündür. Bunun üçün Mərkəz tibb texnologiyasının ən son nailiyyətləri hesab olunan cihaz və avadanlıqlarla təchiz edilib.
Naftalan Reabilitasiya Mərkəzində xəstələr üçün dünyada unikal müalicə vasitəsi hesab olunan Naftalan nefti vannasının qəbulu da mümkündür. Lakin Naftalan nefti vannası ağır prosedur hesab olunduğuna görə xəstələr əvvəlcədən müvafiq tibbi müayinədən keçirilirlər. Yoxlama zamanı səhhətində əks göstəriş qeydə alınmayan pasiyentlərə Naftalan nefti vannası tətbiq edilir.
Naftalan Reabilitasiya Mərkəzi öz fəaliyyətini müasir tələblər səviyyəsində qurduğuna görə buraya müraciət edən hər bir xəstənin səhhətində müsbət nəticə qeydə alınır. Mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə əsasən dərman müalicəsi deyil, reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir. Mərkəzdə dayaq-hərəkət, sümük, oynaq, əzələ sistemi, iflic və sinir xəstələrinin reabilitasiyası da uğurla həyata keçirilir.
Ümumiyyətlə Naftalan Reabilitasiya Mərkəzi əlilliyi təsdiqlənmiş və müalicəsi burada mümkün olan hər bir vətəndaşa ildə iki dəfə tibbi reabilitasiya və psixoloji yardım göstərir.