Hollandiyalı jurnalistlər Naftalanda olublar
Əsası 1919-cu ildə qoyulan və gündəlik nəşri 250 mindən çox olan “De Volksrant” adlı Hollandiya qəzetinin müxbirləri Jarl Ploeg və Frederik Bergh şəhərimizin qonağı olublar.
İlk öncə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqları qəbul etdi və şəhərimizin Azərbaycanın müalicəvi turizminə və dünya turizminə verdiyi töhfələrdən, Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin gündən günə artması barədə ətraflı söhbət apardı. Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər ordumuzun qazandığı Qələbə barədə, həmçinin şəhərdə aparılan soaial layihələr haqqında, hərəkət məhdudiyyəti olanlar və uşaq arabalarının rahat hərəkətini təmin etmək üçün pandusların quraşdırılmasından, regionda ilk məhz Azərbaycanda - kurort şəhərimizdə açılan “Little Free Library “ kitabxanası haqqında məlumatlar da qonaqların nəzərinə çatdırıldı. İcra başçısı bir daha vurğuladı ki, yeni qəbul olunmuş AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartının tətbiqi Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına, yerli və xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi turizmin inkişafına təkan verəcəkdir.
Hər zaman yüksək marağa səbəb olan dünyada yeganə unikal neft olan Naftalan neftini tərkibi ilə tanış olmaq, neftlə yaxından təmasda olmaq üçün qonaqlar Garabag Resort & SPA Naftalanda da naftalan nefti ilə müalicənin necə aparıldığını yaxından izlədilər və onlarda maraq doğuran suallar mütəxəssislər tərəfindən cavablandırıldı. Qonaqlar həmçinin təbii naftalan neftinin quyulardan çıxdığı ərazidə oldular.
Vətən müharibəsi dövründə mənfur düşmənlərimizin dinc əhalini ağır artilleriyadan hədəfə alması nəticəsində bir ailənin 5 üzvü həlak olan Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd sakini Nadir Qurbanovun da evində olan qonaqlar dünya mediyasının bucür vəhşiliklərə real qiymət verəcəyini də vurğulayıblar.