Vətən müharibəsinin şəhidləri daim diqqət mərkəzindədirlər
Vətən müharibəsinin ilk günü sentyabrın 27-si mənfur işğalçı ermənistan ordusunun atdığı top mərmisi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşərək bütöv bir ailənin faciəvi ölümünə səbəb oldu. Bu vəhşilik nəticəsində ailənin beş üzvü 1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu, həyat yoldaşı 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət Novruz qızı, gəlini 1981-ci il təvəllüdlü Əmirova Afaq Dəmir qızı, nəvələri 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu və 2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı həlak oldu.
Ailənin azyaşlısı Qurbanov Şəhriyarın futbola çox böyük həvəsi var idi. O, Naftalanın Gİİ-nin nəzdində fəaliyyət göstərən UGİM-in yeniyetmələrdən ibarət U-13 futbol komandasının üzvü idi.
Qeyd etmək istəyirik ki, Şəhriyarın ölümü ilə əlaqədar FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) baş sağlığı ünvanlamış və dərindən kədərləndiklərini bildirmişlər.
AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) və “Sabah” FK Şəhriyarın əziz xatirəsinin daim anılacağını ifadə etmək üçün mülki şəhidin atasına futbol forması hazırlayıb. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ilə birgə Millət vəkili Anar Məmmədov Şəhidin atasına və Şəhid Fidanın atası Elşən Qurbanova həmin futbol formalarını təqdim ediblər.