Prezidentin tamahkar məmurlara xəbərdarlığı
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev cari ilin 1 fevral tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib. Dövlət başçısı vurğulayıb: İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri planlı şəkildə aparılacaqdır, Şuşa planlı şəkildə yenidən qurulacaq. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Qoy Azərbaycan vətəndaşları bilsinlər. Azəravtoyolun rəhbəri müraciət edib ki, icazə verin, Şuşada Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır. İstəyir ki, özü üçün şərait yaratsın. AZAL rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun? Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidmətinin təklifinə Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Şuşada sərhəd var? Deyin Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Bəs nə zastava yaradırsan? İndi o boyda sərhədimiz yaranıb, Ermənistanla sərhəd, Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Yenə də iqamətgah qurum, hamısı da dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Şuşa məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edilib.
Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Buna nail olacağıq. İstəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar. İşğal zamanı törədilmiş talançılığa, vəhşiliyə dünyanın diqqətini cəlb etmək üçün oraya jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət edilir.
Möhtərəm Prezidentimiz bununla xalqımızla son dərəcə şəffaf və səmimi münasibətlərdə olduğunu nümayiş etdirdi. O, bütün məsələləri xalqla məsləhətləşərək onun diqqətinə çatdırmaqla öz fəaliyyətini qurur. Bu da xalqımız arasında dövlət başçısına daha böyük rəğbət doğurur və ona olan inam və etimadı daha da yüksəldir.