Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqlarların rifahına xidmət edən beynəlxalq əməkdaşlıq

26 yanvar 2021 | 16:00

21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin formalaşmasına təkan oldu. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Konvensiya çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün yeni imkanlar yaradıb.
   Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstək göstərməsi strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir.
   Ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri ümumi dəyərlər əsasında qurulub. Dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işlərin aparılması uğurun təminatıdır. Bu səbəbdən əməkdaşlığın davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisədir. Azərbaycan və Türkmənistan arasında mövcud əlaqələr müsbət dinamika ilə inkişaf edir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb.
  21 yanvar tarixində imzalanmış saziş Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq. Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialını səmərəli əməkdaşlığa transformasiya edə bilmişik.
   Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın  Azərbaycana və  TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.
   Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bizim ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər.
   Azərbaycan və Türkmənistan Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasında xüsusi səylər göstərir və töhfələr verirlər.

Keçidlər