Ölkəmizdə qeyri-neft sənayesinin inkişafı
Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.
Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü il Azərbaycanda “sənaye ili” elan edilmişdi.
Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.
Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.
Möhtərəm Prezident cənab İlham Əliyev Sumqayıta səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində vurğulayıb: Yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir. Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır. Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da olacaq. Yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır.
Sovet vaxtı tikilmiş və istismar müddətini başa vurmuş çoxsaylı müəssisələrin yerində 10 il bundan əvvəl 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın valyuta ehtiyatları az da olsa, artıb. 2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub. Sənaye, kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artması, idxaldan asılılığın azaldılması yeni iqtisadi reallıq yaradıb.
Dövlət başçısı daha sonra bəzi xəbərdarlıqlar edib. Ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Azərbaycanda təmizləmə prosesi gedir və gedəcək. Heç kimin hansısa xüsusi imtiyazı və ya toxunulmazlığı yoxdur. Bəzi yerlərdə torpaqlar və su resursları zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. Azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli bütün Azərbaycana transfer ediləcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək.
Möhtərəm Prezident cənab İlham Əliyev postmüharibə dövrü üçün müəyyən etdiyi yeni hədəfləridə qeyd edib. Azad olunmuş torpaqların bərpası dövlət siyasətində xüsusi yer tutur. İşğaldan azad olunmuş torpaqlarda çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Azad olunmuş bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı Prezidendin ideyaları yaxın zamanlarda həyata keçiriləcək. Azad olunmuş bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalı, şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilməlidir.Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb. Müharibənin başa çatması investisiyaların cəlb edilməsini daha asanlaşdırır.
Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müəyyən müddətdən sonra Ermənistanda da bizimlə heç bir problemlərin olmadıqları demələrinə ümid edirik. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq. Azərbaycanda kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. 2021-ci il artıq qələbələrlə, uğurlarla başlayır.