20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
Azərbaycan xalqının tarixinə, qan yaddaşına Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Bu hadisəyə ən dəqiq tarixi qiyməti Ulu Öndər Heydər Əliyev verib: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.
Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusiqəddarlıq və misli görünməmiş vəhşi hücumu zamanı 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür. Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi də qiymətləndirilməlidir. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.
Gecikmiş etiraflar fayda verməz. Qərarı verən keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov sonradan guya etiraf etmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Qorbaçov səhv yox, cinayət etmiş, SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur.
Vahimə içində olan xalq başsız qalmışdı. Məhz belə bir ağır şəraitdə Ulu Öndər Heydər Əliyev Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Heydər Əliyev yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi və faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalq o günlərdə böyük bir həqiqəti, həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi.
Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.
Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən siyasətin mühüm tərkib hissəsini təşkil edir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçımız şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, mühüm layihələr həyata keçirir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən başlıcası isə ölkəmizdə siyasi sabitliyin olması və xalqın öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirməsi, və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatması bu konfliktin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcəkdir.
20 Yanvar terroru insanlığa qarşı bəşər tarixində görünməyən ən ağır cinayətlərdən biri kimi Azərbaycan xalqının qan yaddaşında əbədi olaraq qalacaqdır, neçə illər, qərinələr, əsrlər adlasa da, şəhidlərimizin əziz xatirəsi heç zaman unudulmayacaqdır.