Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir
2021-ci il möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Nizami ili” elan olundu. 2021-ci ildə Nizami Gəncəvinin 880 illik yubileyi həm Azərbaycanda, həm də dünyada geniş qeyd olunacaqdır. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər.
Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhvəsini vermiş nadir ölkələrdəndir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizami Gəncəvinin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
2021-ci il “Nizami Gəncəvi İli”dir. İlin elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur.
2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Ana dilimiz milli-mənəvi sərvətimizdir. Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə ədəbiyyatımızı, kimliyimizi tanıtmışıq, bu dil ilə dünyaya müstəqilliyimizin əbədiliyini elan etmişik.
Qədim mədəniyyət irsinə malik olan aşıq sənətinin son dövrdə dünyada inkişaf etdirilməsi Heydər Əliyev Fondunun prezidenti UNESCO və ISESCO-nun Xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan aşıq sənəti beynəlxalq aləmdə təbliği və tanıdılması bu sənətin yaradılması qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədinə xidmət edir. Azərbaycanda saz-söz sənətinə yüksək səviyyədə dəyər verilir, bu da ölkəmizin mədəni həyatında baş verən yeniliklərə, milli-mənəvi dəyərlərə hörmət və diqqətin göstəricidir. Milli-mənəvi dəyərlərə göstərilən qayğı dövlət siyasətinin başlıca prinsiplərindən biridir. Milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalır. Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirilir. Muğam sənəti bir neçə ölkədə mövcud olmasına baxmayaraq, Azərbaycan muğam sənətinin mərkəzidir. Ölkəmizin sözügedən statusu qorunur.
Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlər olmuşdur. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətidir.
İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunur. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və dünya ictimaiyyəti bu kadrlarla tanış olub. Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər – Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) erməniləşdirilərək qriqoryanlaşdırılıb. Azad edilmiş ərazilərimizdə bütün dünya bir daha tarixi, mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyinin şahidi oldu.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri azərbaycançılıqdır. Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda – mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətlərdəndir. Millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşib.