Naftalan şəhərində milli təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü qeyd olundu.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə tər çiçəklər düzdülər.
Şəhər icra hakimiyyətinin akt zalında davam etdirilən tədbiri giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi yolunda göstərdiyi diqqət və qayğıdan, dövlətçiliyimiz, milli maraqlarımızın etibarlı qorunmasında milli təhlükəsizlik orqanları mühüm rolundan bəhs etdi və peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarını təbrik etdi və onlara uğurlar arzuladı.
Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin Naftalan şəhər Şöbəsinin rəisi polkovnik-leytenant Malik Əsədov qeyd etmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Ümummilli liderimizin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq və diqqət yeni dövrün çağırışlarına uyğun milli təhlükəsizlik sisteminin formalaşmasına imkan yaratmışdır.
Ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyi bildirilmişdir.