Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər paradı

11 dekabr 2020 | 16:00

Ali Baş Komandan İlham ƏLİYEV: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Ölkə başçısının Silahlı Qüvvələrin 100 illiyində keçirilən paradda söylədiyi bu fikri iki il sonra cənab prezident reallaşdırdı. Dünya bir daha gördü ki, bizim güclü, qüdrətli, qətiyyətli, müdrik liderimiz var.
Bu gün-Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı keçirilir. Azərbaycan xalqı ədalətin bərpa edilməsini bayram edir.
Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə,“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Zaur Məmmədov gətirdi.
Mahiyyəti dövlətçiliklə bağlı olan tarixi hadisələr heç zaman unudulmur. Azərbaycan Ordusunun şücayətinə və Qarabağın işğaldan azad olunmasına həsr olunan parad da belə tarixi hadisələrdəndir. Bu parad dövlətçilik paradıdı.
Zəfər paradı Azərbaycan Ordusuna inamın, güvəncin, əminliyin paradıdı-Azərbaycanın Şanlı Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha sübut etdi.
Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları bu gün bizimlədi. Onların qanı yerdə qalmadı, Azərbaycan torpaqları azad olundu. Bu möhtəşəm parad şəhid atalarına, şəhid analarına, şəhid balalarına təsəllidir. Dövlətə və  dövlətçiliyə sədaqətin sübutudur.
  Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir.  Hər zaman Müzəffər Ordumuz arzu edirdi ki, Cənab Ali Baş Komandan, döyüş əmr versin. Əmr verildi və layiqincə yerinə yetirildi.
Millətimizin  hər zaman zəfər arzuladığı Zəfər günümüz qeyd edilir. Torpaqlarımızın işğal altında olması xalqımız, dövlətimiz üçün tarixdə çatışmayan boşluq idi.
Bu gün Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandanın əmriylə səngərlərimizi sərhədlərə çevirdi. Qələbəmizdə birliyimiz də mühüm rol oynadı.  Cənab prezidentin göstərdiyi dəmir yumruq kimi birləşdik. Qarabağ məsələsində, müharibə müddətində xalqımız dövlət başçısının ətrafında sıx birləşdi. İstər evləri dağılan sakinlər, istərsə də erməni terroruna məruz qalan vətəndaşlar  böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər.  Kimliyindən asılı olmayaraq hər kəsin bir amalı vardı. qələbə qazanacağıq!
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
  Zəfər paradında həm də bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqları nümayiş olundu.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Hər zaman Azərbaycanın yanında olan Türkiyə dövlətinin Silahlı Qüvvələrinin 200-ə yaxın mehmetciyi də Azərbaycan əsgərinin sevincinə qoşulacaq, paradda Türkiyənin bayrağı ilə irəlilədi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı  zamanı  bildirdi ki, Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
  Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.
Təntənəli parad ordumuzun hərbi potensialını, döyüş imkanlarını növbəti dəfə nümayiş etdirdi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin vəziyyəti, keyfiyyəti bir daha ictimaiyyətə təqdim edildi. Göstərildi ki, ordumuz, demək olar, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dünya standartlarına uyğun müasir ordu sistemi yaradılmışdır. Silah təchizatında ciddi addımlar atılmışdır. Bir sıra ölkələrin arzuladığı müasir silahlar artıq Azərbaycan Ordusunda vardır. Bütün dünya gördü ki, Azərbaycan həm quruda, həm havada düşməni məhv etmək üçün ən müasir silahlara malikdir. Cılız, dağınıq, köhnə silahlara malik, nizamsız erməni ordusunun isə nəyə qadir olduğunu özlərinin "parad"ı göstərdi. Bir daha sübut olundu ki, Ermənistan ordusu elə onun "müstəqil"liyi kimidir.
Artıq Azərbaycanın quruculuq missiyası başlanır. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır. Çiçəklənən Odlar diyarımız Azərbaycan daha da inkişaf edəcək. Qarabağ Azərbaycandır!

Keçidlər